əl-Bəqərə surəsinin son üç ayəsinin izahı
əl-Bəqərə surəsinin 284-286-cı ayələrin izahı. Uca Allah buyurur:
284. Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir.
Göylər və yer, onların arasında olanların hamısı Allaha məxsusdur. Allah öz səltənətini istədiyi kimi idarə edir. O, göylərdə və yerdə, gizlində və aşkarda olan hər şeydən xəbərdardır. İnsan qəlbindən keçənləri yerinə yetirsə də, qəlbində saxlasa da buna görə Qiyamət günü sorğu-sual olunacaq. Peyğəmbərin səhabələri bunu eşitdikdə, ayənin hökmü onlara ağır gəldi və onlar: “Elə isə biz məhv olduq” – dedilər. Rəvayət edilir ki, Əbu Hureyra demişdir: “Uca Allah: “Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir” ayəsini Peyğəmbərə nazil etdikdən sonra, onu eşidən səhabələr böyük sıxıntılar keçirərək Peyğəmbərin yanına gəlib diz üstə oturdular və dedilər: “Ey Allahın elçisi! Biz bacardığımızı – sədəqə vermək, cihad etmək, oruc tutmaq və namaz qılmaq kimi əməlləri yerinə yetirməyə mükəlləf edildik, lakin sənə nazil olan bu ayəyə əməl etməyə gücümüz çatmır. Peyğəmbər onlara dedi: “Sizdən əvvəlki Kitab əhli kimi: “Eşitdik və asi olduq!”– demək istəyirsiniz? Xeyr, deyin: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” Onlar: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!”– deyəndən sonra Uca Allah bu ayəni nazil etdi: “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!”
Onlar Peyğəmbərin əmrini yerinə yetirdilər və Uca Allah bu ayəni nazil etdi: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir”. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” Möminlər bu ayəni oxuduqda, hər dəfə: “Ey Rəbbimiz!...” – deyə dua edib Allaha xitab etdikdə, O: “İstədiyinizi yerinə yetirdim!”– deyə cavab verir. (Səhih Muslim, 126, 180, 345).
Beləliklə, insan qəlbindən keçən fikirləri qəbul edib onlara əməl etməyincə, ona günah yazılmayacaq. Rəvayət edilir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun -demişdir: “Uca Allah mənə vəd etmişdir ki, ümmətim qəlblərindən keçən şeylərə əməl etmədikcə və ya danışmadıqca, buna görə onları cəzalandırmayacaqdır”. (Səhih əl-Buxari, 2343, 2528; Əbu Davud, 2209).
Həmçinin demişdir: “Allah buyurur: “Qulum günah iş görmək istəsə, o günahı edənədək bunu onun əleyhinə yazmayın. Əgər o günah etsə, ancaq onun mislində günah yazın. Əgər bir yaxşılıq etmək istəsə və onu yerinə yetirməsə, buna görə ona bir savab yazın, əgər onu yerinə yetirərsə, ona bunun on misli qədər savab yazın”. (Səhih əl-Buxari, 6947, 7501).
“O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir” – yəni, Uca Allah bağışlanmağa layiq olan kimsələrdən istədiyini bağışlayar, cəzalandırılmağa layiq olan kimsələrdən də istədiyinə əzab verər. O, hər bir işdə hikmət sahibidir və hər şeyə qadirdir. Uca Allah Qiyamət günü insanları yenidən dirildərək qəbirlərindən çıxartmağa, sorğu-sual etməyə, əməllərə görə onlara mükafat və ya cəza verməyə qadirdir. Lakin həyata keçməsi mümkün olmayan şeylər istisnadır. Məsələn, kimsə bizə: “Allah hər şeyi bildiyi halda özünə nəyisə unutdura bilərmi?” – deyər və ya buna bənzər suallar verərsə, biz: “Xeyr, bu, mümkün deyildir” – deyərik. Əslində, bu cür mümkün olmayan şeyləri soruşmaq Uca Allaha istehza etməkdir.
285. Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: ”Biz Onun elçiləri arasında fərq qoymuruq!" Onlar dedilər: "Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!”
Muhəmməd peyğəmbər öz Rəbbindən ona vəhy edilən Qurana iman gətirdi, möminlər də iman gətirdilər. Peyğəmbər və möminlərin hamısı Allaha, Onun mələklərinə, kitablarına və bütün elçilərinə iman gətirdilər. Möminlər Allahın təkliyinə, Onun heç nəyə möhtac olmadığına, Ondan başqa bir tanrının ibadətə layiq olmadığına iman gətirmişlər. Möminlər Allahın göndərdiyi bütün elçiləri, onlara endirilən kitabları təsdiq edirlər. Uca Allah buyurur: “Biz səndən əvvəl də elçilər göndərmişdik. Onlardan bəziləri haqqında sənə danışmış, bəziləri haqqında isə danışmamışıq. Heç bir elçi Allahın izni olmadan hər hansı bir ayə gətirə bilməzdi. Allahın əmri gəldikdə isə ədalətlə hökm verilər və yalan danışanlar orada ziyana uğrayarlar” (Ğafir, 78).
Möminlər elçilərdən bəzisini təsdiq edib digərini inkar etməklə onların arasında fərq qoymurlar. Buna baxmayaraq möminlər sonuncu peyğəmbər olaraq göndərilən Muhəmmədin şəriətinə tabe olmalıdırlar. Çünki onun göndərilməsi ilə əvvəlki şəriətlərin hökmü ləğv edilmişdir.
Uca Allah buyurur: “Onlar dedilər: “Eşitdik və itaət etdik!”- yəni, möminlər dedilər: “Ey Rəbbimiz, sənin sözünü eşitdik, anladıq və ona əməl etdik. Lazım olanı yerinə yetirməklə əmrinə tabe olduq”. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Onun Elçisinə itaət edin, eşitdiyiniz halda ondan üz döndərməyin. Eşitmədikləri halda: "Eşitdik!" deyənlər kimi olmayın. Şübhəsiz ki, Allah yanında canlıların ən pisi haqqı anlamayan karlar və lallardır. Əgər Allah onlarda bir xeyir olduğunu bilsəydi, əlbəttə, onlara eşitdirərdi. Əgər onlara eşitdirsəydi belə, yenə də üz çevirərək dönərdilər” (əl-Ənfal, 20-23).
Möminlər Allaha möhtac olduqlarını izhar edərək: “Ey Rəbbimiz!” - deyib dua edirlər. Rəbb yaradan, sahib olan və idarə edən deməkdir.
"Səndən bağışlanma diləyirik”. Bu, Allahdan bağışlanma və mərhəmət diləməkdir. İbn Əbu Hatim rəvayət edir ki, İbn Abbas Uca Allahın “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik” - ayəsi barəsində demişdir: “Uca Allah cavab olaraq: “Sizi bağışladım” - dedi”. (İbn Əbu Hatim, 3078, 3119; ət-Tabəri, 6540, 6580).
“Dönüş də yalnız Sənədir!” - yəni, Qiyamət günü bütün insanlar Sənin hüzuruna qayıdacaq.
286. Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”
Uca Allah buyurur: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər” - yəni, Allah insana gücü yetəndən artığını yükləməz. Bu, Allahın yaratdıqlarına olan lütfündən və mərhəmətindən irəli gəlir. Qiyamət günü insan sorğu-sual ediləcək və yalnız gücünün çatdığı əməllərə görə məsuliyyət daşıyacaq. Dəf edə bilmədiyi vəsvəsələrə və ağlından keçirdiyi fikirlərə görə insana günah yazılmır.
Uca Allah buyurur: “Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir”. Yəni, Qiyamət günü gəldikdə, insanın etdiyi xeyirxah əməllər öz xeyrinə, qazandığı günahlar da öz əleyhinə olar. Sonra Uca Allah öz bəndələrinə bu duanı etməyi öyrədərək buyurur: “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma!” - yəni, vacib bir əməli etməkdə nəyisə unutsaq və ya unudaraq günaha yol versək, yaxud hər hansı bir əməli bilməyərək düzgün yerinə yetirməsək, bizi cəzalandırma!
Unutqanlıq insanın bildiyi şeydən fikrinin yayınmasıdır. Xəta isə niyyət etdiyinin əksini etmək, niyyətində olmadığın və ya bilmədiyin bir günahı işləməkdir. İnsan çox unutqan və çoxlu xətalara yol verəndir. Peyğəmbər demişdir: “Allah ümmətim üçün səhvən, unudaraq və məcburən etdikləri günahları bağışlamışdır”. (İbn Məcə, 2043, 2045).
Uca Allah buyurur: “Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə!” - yəni, ey Rəbbimiz, gücümüz çatsa belə, bizdən əvvəl olan yəhudi və xristianlara, eləcə də keçmiş ümmətlərə çətin öhdəliklər və ağır cəzalar yükü ilə yüklədiyin kimi bizə də ağır yük yükləmə.
Uca Allah rəhmət peyğəmbəri olan Muhəmmədi möminləri çətinlikdən qurtaran şəriət və asan bir dinlə göndərmişdir.
“Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə!” - yəni, ey Rəbbimiz, gücümüz çatmayan çətinlik və müsibətlərlə bizi imtahan etmə! Rəvayət edilir ki, xəstəlikdən əziyyət çəkən bir səhabə Peyğəmbərdən namaz qılmaq barəsində soruşdu. O buyurdu: “Namazı ayaq üstə qıl, bacarmırsansa oturan yerdə qıl, bunu da bacarmırsansa uzanan yerdə qıl.” (əl-Buxari, 1117).
“Bizi əfv et, bizi bağışla və bizə rəhm et!” - yəni, Sənin əmr və qadağalarına riayət etməkdə buraxdığımız nöqsanları və etdiyimiz günahları bağışla! Lütfün və mərhəmətin sayəsində bizi gələcəkdə günahlara batmaqdan və əmrlərinə səhlənkar yanaşmaqdan qoru! İslam alimləri belə demişlər: “Günahkar insan üç şeyə möhtacdır: insanın özü ilə Allah arasında olan günahlarının bağışlanmasına, Allahın onun günahını başqalarından gizlədərək onu rəzil etməməsinə və günahlara təkrarən düşməmək üçün Allahın onu qorumasına”.
“Sən bizim Himayədarımızsan!” - yəni, Sən bizim dostumuz və köməkçimizsən. Biz Sənə təvəkkül etdik və Sənə sığındıq. Yalnız Səndən kömək istəyirik. Sənin verdiyin gücdən başqa güc-qüvvət yoxdur.
“Kafirləri məğlub etməkdə bizə yardım et!”- yəni, Səni və Sənin göndərdiyin Peyğəmbəri inkar edən, Sənin əmrinə və mömin bəndələrinə qarşı çıxan kafirlərə qalib gəlməkdə bizə kömək et! Uca Allah bu dualara hər dəfə cavab verərək: “İstədiyinizi yerinə yetirdim!”- deyə buyurmuşdur.