Allah barəsində mübahisə edən padşahın əhvalatı

    25.04.2020

Uca Allah Qurani-Kərimdə İbrahim peyğəmbərlə Allah barəsində mübahisə edən padşahın əhvalatı haqda danışaraq belə buyurur: “Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!”- dedikdə padşah: “Mən də həm dirildir, həm də öldürürəm!”- demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!”- dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz” (əl-Bəqərə, 258).

Deyilənə görə burada Babil hökmdarı Nəmrud ibn Kənan nəzərdə tutulur. Allahın ona uzun müddət davam edən və böyük ərazini əhatə edən hökmranlıq verməsi onu təkəbbürlük etməyə və özünü tanrı olaraq qəbul etməyə sövq etmişdi. Uca Allah buyurur: Xeyr! İnsan, doğrudan da, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə həddini aşır (əl-Ələq, 6-7).
İnsan özünün ehtiyacsız olduğunu hesab etdikdə, həddini aşar, inadkarlıq və təkəbbürlük edər. Ona görə də, bəzən xəstəlik, yoxsulluq və digər müsibətlər insan üçün Allahdan bir nemət olur. Daima nemət içində yaşamaq isə bəndəyə Rəbbini unutdura bilər. 
İbrahim - əleyhis-salam - onu Uca Allaha iman gətirməyə çağırdıqda, o: “Sənin Rəbbinin varlığını sübüt edəcək dəlil nədir?” – dedi. İbrahim ona: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!” – deyə cavab verdi. Yəni, mənim Rəbbim yaradan, həm var edən, həm də yox edəndir. Bir şeyin yoxdan var olması, bir şeyin də varlıqdan yox olması Allahın varlığını sübut edir. Lakin təkəbbürlü və inadkar kafir:  “Mən də həm dirildir, həm də öldürürəm! Hüzuruma öldürülməyə layiq olan iki adam gətirilər; birinin öldürülməsini əmr edərəm və o da öldürülər, digərinin isə bağışlanmasını əmr edərəm və o da sağ buraxılar” - dedi. Şübhə yoxdur ki, onun bu iddiası boş və əsassızdır. Bu cavab Yaradıcının olmasını istisna etmir. O, bunu sadəcə təkəbbürlük etmək və haqqı gizlətmək üçün irəli sürmüşdür.   
İbrahim gətirdiyi dəlilin yetərli olmasına baxmayaraq mübahisəni həll etmək üçün onun üzərində dayanmadı və daha aydın bir dəlilə keçərək dedi: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!” Yəni, əgər sən öldürüb diriltdiyini və buna görə özünü hər şeyə qadir olan rəbb olduğunu iddia edirsənsə, günəşi batdığı yerdən çıxart. O, öz acizliyini və bu dəlilə qarşı gücünün çatmadığını anladıqda, donub qaldı və danışa bilmədi. Uca Allah haqqı danaraq haqsızlıq edənləri doğru yola yönəltməz.
 

Paylaş: