Gecənin üçdə ikisi və ya üçdə biri deyiləndə hansı vaxt nəzərdə tutulur?
Və aleykum Salam. Bunu hesablamaq üçün məğrib namazının girdiyi vaxtdan sübh namazına qədər olan vaxtı üç hissəyə bölün. Üç hissədən sonuncu hissə gecənin son üçdə biri adlanır və bu vaxt gecə namazı üçün ən fəzilətli vaxtıdır. Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (salləllahu aleyhi va əlihi va səlləm) demişdir: "Rəbbimiz hər gecə dünya səmasına enər və gecənin axırıncı üçdə biri olduğu vaxt deyər: Mənə dua edən bir kimsə varmı onun duasını qəbul edəm?! Məndən istəyən bir kimsə varmı onun dilədiyini verəm?! Məndən bağışlanma diləyən bir kimsə varmı onu bağışlayam?!" (Muslim, 1089).
Abdullah ibn Amr ibn əl-As (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona demişdir: "Allahın ən çox xoşuna gələn namaz Davudun qıldığı namaz, ən çox xoşuna gələn oruc isə Davudun tutduğu orucdur. Davud gecənin yarısını yatar, sonra qalxıb onun üçdə birini namaz qılar, sonra da yerdə qalan altıda birini yatardı. Orucu da günaşırı tutardı". (əl-Buxari, 1131; Muslim, 2731).
Gecənin son üçdə birinin vaxtını həmçinin saytımızın ana səhifəsindəki namaz vaxtları cədvəlindən öyrənə bilərsiniz: http://zikr.az/#prayer-times