Ayaqqabı ilə namaz qılmağın icazəli olmasına dair hədislər varmı?
Sual:
Salam aleykum, ayaqqabı ilə namaz qılmağa dair səhih hədislər varmı?
Cavab:
Aleykum salam. Ayaqqabılar təmiz olarsa, onlarla namaz qılmaq icazəlidir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) həm özü ayaqqabıda namaz qılmış, həm də səhabələrinə bunu əmr etmişdir. Bu barədə bir çox hədislər var. Rəvayət edilir ki, (bir dəfə) Ənəsdən (Allah ondan razı olsun) soruşdular: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ayaqqabıda namaz qılardımı?” Ənəs: “Bəli!”– deyə cavab verdi. (Səhih əl-Buxari, 5850; Səhih Muslim, 555). Başqa bir hədisdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Yəhudilərə müxalif olun, çünki onlar ayaqqabıda və xufda namaz qılmırlar" (Əbu Davud, 652). Abdullah ibn Amr (Allah ondan razı olsun) demişdir: "Peyğəmbəri (Allahın ona və ailəsinə salavatı və salamı olsun) həm ayaqyalın, həm də ayaqqabıda namaz qıldığını görmüşəm" (Əbu Davud, 653. İbn Məcə, 1053). Əbu Səid əl-Xudri belə rəvayət edir: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhabələrə namaz qıldırarkən birdən ayaqabılarını çıxartdı və sol tərəfinə qoydu. Camaat bunu görüncə onlar da ayaqqabılarını çıxartıdılar. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) namazı bitirdikdən sonra onlardan: "Sizi ayaqqabılarınızı çıxartmağa nə vadar etdi?" deyə soruşdu. Onlar: "Sənin ayaqqabılarını çıxartdığını gördük və bizdə çıxartdıq!" deyə cavab verdilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Cəbrail (ona salamı olsun) gəlib mənə onlarda pislik (nəcis) olduğunu xəbər verdi". Həmçinin belə buyurdu: "Sizlərdən biri məscidə gəldiyi zaman ayaqqabılarına baxsın! Ayaqqabılarında pislik və ya nəcis görərsə (toprağa) silsin və onlarda namaz qılsın!" (Əbu Davud, 650).