"Cənnət anaların ayaqları altındadır" hədisi varmı?

    23.07.2021
Kimdən: 
Akif
Sual: 
Salam aleykum ve rehmetullah.bu iki kelme heqiqetende peyğemberimize aiddir? 1.Cennet anaların ayaqları altındadır 2.Beşikden qebredek elm öyrenin Birde men bir yerden oxumuşdum ki alimin qeleminin mürekkebi şehidin qanından üstündür bu ne derecede doğrudur? Birde insanın ruhu axiret dünyasına gedir? Biz qiyamet günü yeniden cismani formamızı alıb bu formada axirete gedecik?birde axiret gunü Allahı görecik?
Cavab: 
Və aleykum salam və rahmətullahi və bərakətuhu.
1) Peyğəmbərimizdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) "Cənnət anaların ayaqları altındadır" şəklində səhih hədis rəvayət olunmasa da, oxşar mətnlə başqa bir səhih hədis rəvayət olunmuşdur. Hədis belədir: Rəvayət olunur ki, bir dəfə Muaviyə ibn Cahimə əs-Suləmi (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gələrək dedi: "Ey Allahın Elçisi, mən Allah yolunda döyüşmək istəyirəm, gəldim səninlə məsləhətləşim". Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) soruşdu: "Anan sağdırmı?" Cahimə: "Bəli"- deyə cavab verdi. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Get (anana baxmaqla) onun ayaqlarına sarıl, həqiqətən Cənnət oradadır". Eyni şəkildə başqa bir kişiyə də dedi: "Get ananın ayaqlarına sarıl, çünki Cənnət onun ayaqlarının altındadır". (İbn Macəh, 2781. ən-Nəsai, 4/52).

2) Peyğəmbərimizdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) "Beşikdən qəbrədək elm öyrənin" hədisi rəvayət olunmayıb. Belə bir hədisi Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) nisbət etmək düzgün deyil. Həmçinin bəzilərinin dilində dolaşan "Elm Çində olsa belə onun dalınca get!" hədisi də Peyğəmbərimizdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) rəvayət olunmayıb.
Həmçinin "Alimin qələminin mürəkkəbi şəhidin qanından üstündür" hədisi də uydurmadır. Çünki, Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dövründə heç mürəkkəblə yazmırdılar. İslam dini həm alimin, həm də Allah yolunda şəhidin fəzilətli və üstün məqama sahib olduğunu bildirmişdir. Lakin, bu ikisindən hansı birinin üstün olması barədə hədis yoxdur. Həmçinin oxuyun: Hədislərin səhih olması necə təyin edilir?

İnsan öldükdən sonra onun ruhu bərzəx aləmində olur. Bərzəx aləmi dedikdə, insan öldükdən sonra Qiyamət günü dirilənə qədər olan qeybi aləmdir. Bu aləm mömin və kafirlər üçün müxtəlif olur. Belə ki, Bərzəx aləmində möminlərin ruhu yaşıl bir quşun içində Cənnətə girir. Qiyamət günü isə Uca Allah bu ruhları cəsədlərinə qaytaracaq və bütün məxluqat təkrar cəsədləri ilə Uca Allahın hüzurunda duracaq. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Möminin ruhu Allahın onları təkrar dirildəcəyi gün cəsədlərinə qaytarana qədər Cənnət ağaçlarından yeyən bir quşdur"(İmam Əhməd, 15777, 15816; ən-Nəsai "Sunənul-Kubra" 2211. Səhih əl-Cami, 2373). Qiyamət günü möminlər Uca Allahı görəcəklər. Daha ətraflı:
Axirətdə Allahı görmək olacaqmı?

Teqlər: 
Paylaş: