Ərindən boşanan qadın onunla yenidən kəbin kəsdirə bilərmi?

    23.04.2021
Kimdən: 
Aytac sadiq
Sual: 
Selamun aleykum. Men yoldaşım ile (Allah elemesin), boşansam, onunla tekrar kebin kesdirebileremmi
Cavab: 

Va aleykum Salam. Qadın onu boşayan əri ilə yalnız iki dəfə (birinci və ikinci boşanmadan sonra) kəbin kəsdirə bilər. Uca Allah bu xüsusda buyurur: "Boşanma iki dəfə olar. Bundan sonra qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir" (əl-Bəqərə, 229). Uca Allah insanların kəbinə ciddi yanaşmaları və onu oyun-oyuncağa çevirməmələri üçün boşanma sayına məhdudiyyət qoymuşdur. İbn Kəsir bu ayənin təfsirində demişdir:

"Bu ayə İslamın əvvəlində bir kişinin zövcəsini yüz dəfə boşamış olsa belə, əgər qadın gözləmə müddətindədirsə, onu qaytarmaq hüququna malik olması hökmünü aradan qaldırır. Bu şeydə qadınlara zərər olduğu üçün Uca Allah bu ayə ilə boşanmanın sayını məhdudlaşdıraraq üç dəfə etdi və yalnız bir və ikinci boşanmalarda ərin zövcəsini qaytarmasına icazə verdi. Üçüncü boşanmadan sonra isə qadını ərindən təmamilə ayıraraq buyurdu: "Boşanma iki dəfə olar. Bundan sonra qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir". 

Üçüncü dəfə boşandıqdan sonra isə qadın başqa bir işiyə ərə getməyincə birinci ərinə halal olmaz. Uca Allah buyurur: "Əgər əri onu üçüncü dəfə boşayarsa, bundan sonra o qadın başqa bir kişiyə ərə getməyincə ona (əvvəlki ərinə) halal olmaz" (əl-Bəqərə, 230). 

Əgər birinci və ikinci boşanmadan sonra qadının iddə müddəti (gözləmə müddəti) bitməyibsə, yeni kəbinə ehtiyac yoxdur. İddə müddəti bitdikdən sonra isə yeni kəbin kəsilməlidir. Həmçinin bu cavabı oxuyun: Kəbin pozularsa, evlənmək üçün qadını yenidən atasından istəmək lazımdır?

Teqlər: 
Paylaş: