Vitr, gecə və təhəccüd namazları hansılardır və necə qılınır?
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Gecə və ya təhəccüd namazı işa namazından sübh namazına qədər qılınan namazların adıdır. Gecə namazı iki rükət-iki rükət qılınır, sonda isə tək sayda rükətli (1, 3 və s.) vitr namazı qılınır. Kim istəsə yalnız vitr namazını da qıla bilər.
İbn Ömər (Allah onların hər ikisindən də razı olsun) Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Gecə namazı iki-iki qılınır. Əgər sübh vaxtının başlamasından ehtiyat etsəniz onda vitri bir rükət qılın. Beləliklə qıldığınız namazları vitrlə bitirmiş olarsınız". (əl-Buxari və Muslim).
Aişə anamız (Allah ondan arzı olsun) deyir ki, "Peyğəmbər nə Ramazanda, nə də başqa vaxtlarda on bir rükətdən çox qılmazdı. O dörd rükət qılardı. Bu dörd rükətin gözəlliyindən və uzunluğundan soruşmağına dəyməz. Sonra dörd rükət qılardı. Bu dörd rükətin gözəlliyindən və uzunluğundan soruşmağına dəyməz (çünki o namazları uzadar və gözəl şəkildə qılardı). Sonra üç rükət qılardı". (əl-Buxari və Muslim).
Gecə namazını işa namazından sonra sübh namazının vaxtına qədər qılmaq olar. Lakin onun ən fəzilətli vaxtı gecənin son üçdə birində qılmaqdır. Gecənin üçdə bir hissəsini hesablamaq üçün günbatan vaxtdan sübh namazına qədər olan vaxtı üç hissəyə bölür və axırıncı hissənin vaxtını götürürsünüz. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Rəbbimiz hər gecənin axır üçdə birində dünya səmasına enir və buyurur: "Kim Mənə dua edir ki, Mən də onun duasını qəbul edim?! Kim Məndən diləyir ki, Mən də ona dilədiyini verim?! Kim Məndən bağışlanma diləyir ki, Mən də onu bağışlayım?!" (əl-Buxari, 1145).
Vitr namazında qunut duasına gəldiksə isə, peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) hərdən tutardı, hərdən də tutmazdı. Bu onu göstərir ki, vitrdə daim qunut duası tutmaq fərz deyil.