Öləndən sonra yenidən diriləcəyikmi?
Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına aid məşhur hədisdə Cəbrayılın: “Mənə iman haqqında xəbər ver!” – buyruğuna belə cavab vermişdir: “(İman) Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır.” Müsəlman bu altı əsasa iman gətirmədikcə, həqiqi mömin ola bilməz. Axirətə iman imanın altı əsasından biri və əməlisaleh müsəlmanların etiqadının əsası hesab olunur. Uca Allah buyurur: “Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən şəxslərdir” (əl-Bəqərə, 177). Axirətə iman dedikdə ölümdən sonra Qiyamət gününədək olan qəbirdəki “bərzəx” həyatı, Qiyamət günü dirilərək Allahın hüzuruna toplanıb haqq-hesaba çəkilmə, Cənnət və Cəhənnəm nəzərdə tutulur. Bunların hamısı Axirətə iman məfhumuna daxildir. Axirət həyatı gözəgörünməz qeyb aləmi ilə bağlı olduğuna görə insan dünyadan köçmədikcə öz gözləri görüb ona yəqin ola bilmir. Buna baxmayaraq onun haqq olmasını sübut edən bir çox ilahi dəlillər vardır. Qurani Kərimdə Allah buyurur: “Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: "Çürümüş sümükləri kim dirildə bilər?" De: "Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız". Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir. Bir şeyi yaratmaq istədikdə ona təkcə: "Ol!" deyər, o da olar. Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız” (Ya sin, 77-83). Bu ayələrdə Allah iman gətirməyən kafirləri narahat edən şübhə barədə xəbər verir. Onlar Qiyamət günü dirilməyin haqq olmasına şübhə edir və onun baş verməsinin mümkün olmayacağını hesab edirlər. Lakin Allah ən kamil şəkildə bu şübhənin əsassız olduğunu izah edərək buyurur: “Məgər insan onu nütfədən yaratdığımızı görmür?” Məgər ölümdən sonra dirilməyə iman gətirməkdən imtina edən və onun haqq olmasına şübhə edən insan özünün necə dünyaya gəldiyi haqda düşünmür? Əgər o, Allahın insanı kiçik nütfədən yaratdığı, nütfənin bir sıra mərhələlərdən keçərək uşağa çevrildiyi, ondan gəzəl və ağıllı bir insanın böyüdüyü barədə düşünsə, onun Allahın insanı öləndən sonra diriltməsinə heç bir şübhəsi qalmaz. Əgər o, kiçik nütfə ilə yetgin insan arasındakı fərqin nə dərəcədə böyük olduğunu dərk etsə, insanı yoxdan yaratmağın onun bədənini çürüdükdən və torpağa qarışdıqdan sonra yenidən bərpa etməkdən daha çətin olduğunu anlayar. Lakin iman gətirməyən kafirlər Allaha məsəl çəkməyə cürət edir və məxluqların xırda bacarıqlarını Yaradanın ilahi bacarıqları ilə müqayisə edirlər. Onlar elə güman edirlər ki, Qüdrətli Allah insanların bacarmadıqlarını edə bilməz. Ona görə də onlar deyirlər: "Çürümüş sümükləri kim dirildə bilər?" Məgər yer üzərində sümüklər çürüyüb yox olduqdan sonra onları dirildə bilən insan varmı? Bu cür məsəllər çəkən kafir öz yaradılışını unudur. Allahın ona verdiyi cavab inandırıcı və danılmazdır. Allah buyurur: "Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir.“ Əgər sən kainatda baş verən hadisələr barəsində düşünsən, tam yəqin olarsan ki, ilk dəfə yaradan əziyyət çəkmədən yenidən yarada bilər. Çünki, yenidən yaratmaq ilk dəfə yaratmaqdan daha asandır. Lakin Qiyamət günü dirilməyi sübut edən daha bir sübut vardır. İnsan Allahın hər şeyi bildiyini anlayanda bu, ona aydın olur. Kamil elm Uca Allahın sifətlərindən biridir. O, hər bir məxluqunun halını, torpağın ölülərin bədənini necə yediyini bilir. O, insanın hansı bədən üzvünün qaldığını, hansı üzvün yox olduğunu bilir. O, aşkar olanı da, gizli olanı da bilir. Allahın kamil elminə iman gətirən hər bir insan anlayır ki, kainatda baş verən hər bir şeyə nəzarət etmək ölüləri diriltməkdən daha çətindir. Sonra Allah insanlara odu yaşıl ağacdan necə əldə etdiklərini xatırladır. Quru atəş budaqları nəm ilə bol olan yaşıl ağaclardan çıxır. Od ilə ağacların arasındakı fərq olduqca çoxdur və odun yaranması ilə ölülərin dirilməsi arasındakı ümimilik də olduqca çoxdur. Sonra Allah buyurur: “Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?!” Əzəmətli göyləri və yeri yaradan Allah insanları da yenidən xəlq edəcək. Bu, Onun üçün çətin olmayacaq, çünki, kainatı yaratmaq insanları yaratmaqdan daha çətindir. Buna görə də Allahın əl-Xalləq (Yaradan) və əl-Alim (Hər şeyi bilən) adları vardır. Onun üçün mümkün olmayan bir şey yoxdur. “Bir şeyi yaratmaq istədikdə ona təkcə: "Ol!" deyər, o da olar.” Allah bir şeyi yaratmaq istədikdə heç nə ona mane ola bilməz. Allah ölüləri diriltmək istədikdə də belə olacaq. Nəhayət, Allah buyurur: “Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəsdir.” Uca Allah bütün məxluqatın hökmdarıdır, göylərdə və yerdə olanların hamısı Onun hakimiyyəti altındadır. Canlı və cansız məxluqların hamısı Allahın qulları olaraq Onun iradəsinə tabedirlər. O, kainatı öz qanunlarına əsasən idarə edir. Bütün məxluqların Ona qayıdacağına heç bir şübhə yoxdur.