əl-Əraf surəsinin 26-cı ayəsinin qısa açıqlamasını yaza bilərsinizmi?
Aleykum salam. Söylədiyiniz ayənin daha dəqiq tərcüməsi belədir: "Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb (onlardan) ibrət alasınız" (əl-Əraf, 26).
Təfsir alimlərinin dediklərinə görə burada nəzərdə tutulan libas elə gündəlik geyindiyimiz, istifadə etdiymiz paltardır ki, bunu da Uca Allah Adəm övladı üçün zərurət libası adlandırıb. Təfsirçilər qeyd edirlər ki, bu libas eyni zamanda öz-özlüyündə Adəm övladı üçün bir zinət və gözəllik simvoludur. Bu da Uca Allahın insana olan lütfündən, mərhəmətindən, nemətlərindən və kamilliyindən irəli gəlir. Təqva (Allahdan qorxu) libası deyildikdə isə insanın Allahın əmrlərini yerinə yetirməsi və qadağanlarından çəkinməsi nəzərdə tutulur ki, bu da möminlər üçün ən faydalı və xeyirli libaslardan sayılır. Bu məlumat "Təfsiru-l-Muyəssər" kitabından götürülmüşdür.