Qiyamət günü "dənizlər alovlanacağı zaman" deyildikdə nə nəzərdə tutulur?
Aleykum salam. Uca Allah buyurur: "Günəş sarınacağı zaman, ulduzlar soluxub sönəcəyi zaman, dağlar hərəkətə gətiriləcəyi zaman, boğaz dəvələr başlı-başına qalacaqları zaman, vəhşi heyvanlar bir yerə toplanılacağı zaman, dənizlər alovlanacağı zaman, hər kəs öz tayına qovuşdurulacağı zaman, diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman – hansı günaha görə öldürülmüşdür; səhifələr açılacağı zaman, göy qopardılacağı zaman, Cəhənnəm alovlandırılacağı zaman və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman, hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir". (ət Təkvir, 1-14).
"Dənizlər olovlandırılacağı zaman" ayəsinin təfsiri:
İbn Cərir Səid ibn Museyyibdən (Allah ondan razı olsun) rəvayət edir ki, Əli (Allah ondan razı olsun) yəhudi bir kişidən soruşdu: "Cəhənnəm haradadır?”"Kişi cavab verdi: "Dənizdə". Əli (Allah ondan razı olsun) dedi: "Onun ancaq doğru danışdığını görürəm. Dənizlər qaynadılacaqdır. Allah Təala buyurur: "Dənizlər olovlandırılacağı zaman".
İbn Abbas və başqaları (Allah onlardan razı olsun) deyirlər ki, Uca Allah dənizlərin üzərindən Dəbur küləyini əsdirirərək onlara od vurur və onları alovlanan atəşə çevirir. "And olsun alovlanan dənizə!" (ət Tur, 6) – ayəsini qeyd edərkən buna bir daha toxunulub.
İbn Əbu Hatim Muaviyə ibn Səidin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: "Bu, Bərakə – yəni Rum (indiki Aralıq dənizi) dənizidir. Yerin ortasında yerləşər. Bütün çaylar ora tökülər, böyük dəniz ona qoşular. Alt təbəqəsi mis yataqları ilə zəngindir. Qiyamət günü isə alovlanacaqdır".
Bu "ğarib" bir rəvayətdir.
Əbu Davudun "Sünən" əsərində qeyd olunur ki, "Həcc, ümrə ziyarəti və ya döyüş üçün gedəndən başqaları dənizə (gəmiyə) minməsin! Çünki dənizin altı oddur, odun altı isə dənizdir...".
Mucahid və Həsən ibn Muslim (Allah onlara rəhmət eləsin) adlı mötəbər təfsirçi alimlər deyirlər ki, "ayədə od vurulmaq mənasında qeyd olunur". Həsən bunun qurudulmaq mənasınında işləndiyini söyləmişdir. Dahhak və Qatədə adlı təfsirçi alimlər deyirlər ki, "suyu qurtarıb, bir damla belə qalmayacağı zaman" mənasını daşıyır. Əlavə olaraq Dahhak qaynadılma mənasını da söyləmişdir. əs-Suddinin sözlərinə görə isə "açılıb səpələnəcək" mənasındadır. Rabi ibn Xuseym isə deyir ki, yəni aşıb-daşacaqdır. Qeyd etdiyimiz bu açıqlamalar İbni Kəsirin (Allah ona rəhmət eləsin) təfsirində yer almışdır.