Nəzir haqqında ayə və hədislər varmı?
Va aleykum Salam.
1) Nəzir - hansısa bir istəyin baş verməsi ilə insanın vacib olmayan bir ibadəti özünə vacib etməsidir. Məsələn, bir şəxs işinin düzələcəyi təqdirdə hansısa bir ibadəti (qurban, sədəqə, oruc və s.) edəcəyinə dair Allahla əhd bağlayır. Əgər nəzir etdiyi əməl günah bir iş (şirk, asilik, haqsızlıq, zülm) deyilsə, o zaman işin baş tutacağı təqdirdə bu əməli etmək həmin adama vacib olur. Nəzir barədə həm Quran ayələri həm də hədislər mövcuddur. Quran ayələri bunlardır:
Uca Allah buyurur: "Xərclədiyiniz hər bir sədəqəni və verdiyiniz hər bir nəziri şübhəsiz ki, Allah bilir" (əl-Bəqərə, 270).
Başqa bir ayədə Uca Allah möminləri vəsf edərək buyurur: "Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar" (əl-İnsan, 7). Həmçinin buyurur: "Sonra həcc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə çatdırsınlar və qədim Evi təvaf etsinlər" (əl-Həcc, 29).
Hədislər isə bunlardır:
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Kim Allaha itaət etməyi nəzir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi olmasın" (əl-Buxari, 6696).
İbn Ömər (Allah ondan razı olsun) rəvayət etmişdir ki, (bir dəfə) Ömər (Allah ondan razı olsun) özündə narahatçılıq doğuran bir məsələ barəsində Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) soruşub dedi: "Mən cahiliyyət dövründə bir gecə Məscidülhəramda etikaf edəcəyimə nəzir etmişəm”. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) ona: "Elə isə nəzirini yerinə yetir!"– deyə buyurdu. (əl-Buxari, 2032).
Bu hədis dəlalət edir ki, əgər nəzir edən şəxs Allaha itaət etməyi nəzir etmişsə, bu əməl ona vacib olur. Əgər nəzir edilən əməl günahdırsa, bu əməl yerinə yetirilmir, əvəzinə and kəffarəsi verilir. Andın kəffarəsi barədə oxuyun:
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) ixtiyar bir qocanın oğlanlarının qoluna girib getdiyini görüb: "Ona nə olub?"– deyə soruşdu. Qocanın oğlanları dedilər: "O, Məkkəyə piyada getməyi nəzir etmişdir". Peyğəmbər (Allahın ona salavatı və salamı olsun): "Allah onun öz canına əziyyət verməyinə möhtac deyildir"– dedi və ona miniyə minməyi əmr etdi. (əl-Buxari, 1865)
Əgər ölən insanın üzərində nəzir qalmışsa, bu nəzri onun varisləri yerinə yetirməlidirlər. Rəvayət edilir ki, (bir dəfə) Səd ibn Ubadə əl-Ənsari (Allah ondan razı olsun) anasının boynunda nəzir olduğunu, lakin bunu yerinə yetirmədən dünyadan köçdüyünü Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) bildirib fətva istəmiş, o da ona anasının əvəzinə bu nəziri yerinə yetirməyi buyurmuşdur” (əl-Buxari, 6698).
Lakin bilmək lazımdır ki, nəzir icazəli olsa da, dinimizdə bəyənilməyən əməllərdən sayılır. Rəvayət edilir ki, İbn Ömər (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) nəziri qadağan edib demişdir: "Nəzir qədərdən heç nəyi dəyişdirə bilməz. Bu sadəcə xəsis adamdan qoparılan bir şeydir" (əl-Buxari, 6609). Hər hansı istəyin həyata keçməsi üçün çoxlu dua etmək və duanın qəbul olma səbəbi kimi xeyirli əməlləri istək həyata keçməzdən əvvəl etmək lazımdır.
2) Evə qəfildən daxil olan naməhrəm kişi hicablı qadını hicabsız görərsə, buna görə qadına günah yazılmır. Uca Allah buyurur: "...Səhvən etdiyiniz əməllərə görə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5). Lakin bu cür xoşagəlməz hallar baş verməsin deyə, hicablı qadınlar olan evə naməhrəm kişi daxil olarkən gəlişini bildirməlidir. Ev sahibi isə hicab geyinən qadınları xəbərdar etməlidir.