Kafirə kafir deməyəni təkfir etmək olarmı?
Va aleykum salam. Kimisə təkfir etmək onun kafir olduğunu demək mənası verir. Radikal xəvaric əqidəsində olan şəxslər bu fikri müsəlmanlara tətbiq edir, özünü müsəlman adlandıran insanları təkfir edir, yəni onlara kafir deyirlər. Avam insanlara da “kafirə kafir deməyənin özü kafirdir” şübhəsini gətirərək, onları qorxuzur, məlumatsızlığından istifadə edərək təkfir fikrinə salmış, öz sıralarına qoşmuş olurlar. Onların məqsədi bu kəlimələri insanlara məcburən dedizdirməkdir. Yəni, “əgər sən kafirə kafir deməsən özün də kafir olacaqsan”. Elmdə zəif olan, ibadətə yeni qədəm qoyan insanlar isə dini savadsızlıqlarından onların sözlərini təkrarlayırlar. Burada sual olunur: “Hansı kafirə kafir deməyənin özü kafirdir?” Cavab da odur ki, Allah və Onun Rəsulunun (salləllahu aleyhi və səlləm) dediyi kafirə kafir deməyənin özü kafirdir. Buna görə də kim Firona mömin deyərsə, o, kafirdir. Çünki, o Allah və Rəsulunun (ona Allahın salavatı və salamı olsun) dediyini inkar etmişdir. Həmçinin, bu hökm günümüzdə özünü müsəlman saymayan, özünü başqa dinlərə nisbət edən (xristian, buddist, ateist və s.) hər bir şəxsə aiddir. Özünü müsəlman adlandıran şəxsə isə kafir demək haramdır, çünki bu söz deyən insanın özünə qayıda bilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) müsəlmanları bu böyük günahdan çəkindirərək belə demişdir: "Hansı bir adam din qardaşına: "Ey kafir!" desə – əgər dediyi kimidirsə – ikisindən biri bu günahla geri dönər. (Dediyi adam kafir deyilsə) onda bu kəlmə onun özünə qayıdar". (Səhih Muslim). Həmçinin, oxuyun: Cahillik üzrlüdürmü?