Azan səsi gələndə niyə qəribə hadisələr baş verir?
Aleykum salam. Azan verildiyi zaman hər hansı bir təbiət hadisəsinin baş verməsi haqda heç bir səhih məlumat yoxdur. Bilmək lazımdır ki, təbiət hadisələrini insanın həyatı və ya dini məsələlərlə əlaqələndirmək olmaz. Bu insanın azmasınna gətirib çıxara bilər. İnsanların əksəriyyəti məhz belə təbiət hadisələrini müşahidə edərək hər hansı bir yerdə qeyri-adi hadisə görüb həmin yeri müqəddəs hesab edir və Allaha şərik qoşmağa başlayırlar.
Rəvayət edilir ki, Əbu Bəkrə (Allah ondan razı olsun) demişdir: “Biz Peyğəmbərin yanında olarkən günəş tutuldu. Peyğəmbər dərhal qalxıb əbasını sürüyərək gedib məscidə daxil oldu. Biz də (onun arxasınca oraya) daxil olduq. Günəşin üzü açılanadək o, bizə iki rükət namaz qıldırdı. Sonra dedi: “Şübhə yoxdur ki, günəş və ay heç kəsin ölümünə görə tutulmur. Odur ki, günəşin və ayın tutulduğunu gördüyünüz zaman onların üzü açılanadək namaz qılın və Allaha dua edin!” (Buxari, 1040).
Həmçinin, Muğira ibn Şöbə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin zamanında oğlu İbrahim vəfat etdiyi gün günəş tutuldu və insanlar: “Günəş İbrahimin ölümünə görə tutulmuşdur”– dedilər. Belə olduqda, Peyğəmbər dedi: “Günəş və ay kimsənin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulur. (Onların tutulduğunu) gördüyünüz zaman namaz qılın və Allaha dua edin!” (Buxari, 1043).
Hədislərdən göründüyü kimi təbiət hadisələrini heç bir şeylə əlaqələndirmək olmaz. Ona görə də unutmamalıyıq ki, kainatda baş verən təbiət hadisələri ilə Uca Allahın nəsə demək və ya bildirmək istəməsinə inanmaq doğru deyildir. Bunların hamısı həqiqətdən uzaq olan, bütpərəstlikdən irəli gələn batil inanclardır.