Salman Farisinin əhvalatı

    12.09.2014

Salman Farisi başına gələnləri belə rəvayət etmişdir: “Mən İsfahanda – Cey deyilən bir məmləkətdə yaşayırdım. Atam da həmin məmləkətin böyüyü, həm də ən zəngin adamlarından biri idi. O məni hamıdan çox sevirdi, günü-gündən də mənə olan məhəbbəti artırdı. O məni heç yerə buraxmırdı, cariyə kimi evdə saxlayırdı. Getdikcə mən əqidəli bir atəşpərəstə çevrilirdim. İş o yerə gəlib çatmışdı ki, mən bircə saat belə oddan ayrı qala bilmirdim. O vaxtlar atamın ağalıq yerləri var idi. Bir gün onun başı işə bərk qarışmışdı deyə, məni yanına çağırıb: “Oğlum, mənim evdə bir az işlərim var, bəlkə bu gün gedib çöldəki yerlərimizə bir baş çəkəsən”– dedi və orada bəzi işləri görməyi mənə tapşırdı. Mən oraya gedərkən yolda nəsranilərin kilsəsinin yanından keçdim və onların səslərini eşitdim, içəri daxil olub onların namaz qıldıqlarını gördüm. Atam məni ev dustağı etmişdi deyə, mənim belə şeylərdən xəbərim yox idi. Onların namazı mənim xoşuma gəldi, məndə bu dinə rəğbət oyandı və mən öz-özümə dedim: “Vallahi, bu din bizim sitayiş etdiyimiz oddan daha xeyirlidir.” Mən çöldəki yerlərimizə getməyib gün batanadək nəsranilərin yanında qaldım. Sonra onlardan: “Bu dinin əsli haradadır?”– deyə soruşdum. Onlar: “Şamdadır”– dedilər. Beləcə, mən atamın tapşırdığı işi yerinə yetirməyib onun yanına qayıtdım. Mən evə gəldikdə atam dedi: “Oğlum, harada idin? Məgər mən səni iş dalınca göndərməmişdim?” Dedim: “Atacan! Mən kilsədə namaz qılan insanlara rast gəldim və onların dini mənim xoşuma gəldi. Mən belə bir din görməmişdim. Odur ki, axşamadək onların yanında idim.” Atam dedi: “Oğlum, o dində heç bir xeyir yoxdur. Sənin və ata-babalarının dini bundan daha xeyirlidir.” Mən dedim: “Xeyr, vallahi ki, bu din bizim dinimizdən daha xeyirlidir.” Onda atamın canına qorxu düşdü, (atəşpərəstlikdən üz döndərəcəyimdən qorxdu) və elə buna görə də məni ev dustağı edib əl-ayağımı bağladı ki, heç yerə qaçıb gedə bilməyim. Mən (fürsət tapıb) nəsranilərə xəbər göndərdim ki, əgər Şama bir karvan getsə, mənə xəbər versinlər.

Çox keçmədi ki, nəsranilər Şam karvanının gəldiyini mənə bildirdilər. Mən onlara xəbər göndərdim ki, Şam tacirləri alış-verişlərini qurtarıb Şama qayıtmaq istədikdə mənə xəbər versinlər. Nəhayət, onlar mənə tacirlərin yola düşmək istədiyini bildirdilər. Mən ayağımdakı qandalları açıb evdən qaçdım və özümü həmin karvana yetirib onlarla bərabər Şama yollandım. Şama çatdıqda dedim: “Bu dini bilən ən savadlı adamı mənə göstərin.” Mənə kilsədəki baş keşişi göstərdilər. Mən onun yanına gedib dedim: “Mən bu dini qəbul etmişəm, qəlbimi ona bağlamışam və istəyirəm ki, sənin yanında qalıb sənə xidmət edim, səndən savad alım və səninlə birgə namaz qılım.” Baş keşiş mənə yanında qalmağa izin verdi. O, çox yaramaz adam idi. Öz havadarlarına Allah yolunda sədəqə verməyi əmr edir, lakin yığılan sədəqəni özünə götürürdü, kasıblara heç nə vermirdi. İş o yerə gəlib çatmışdı ki, bu yaramaz adam yeddi küp qızıl-gümüş yığmışdı. Bu əməlinə görə mən ona nifrət edirdim. Nəhayət, baş keşiş öldükdən sonra nəsranilər onu dəfn etmək üçün onun başına yığışdılar. Onda mən onlara dedim: “Sizin bu keşişiniz çox dələduz adam idi. O, sizi sədəqə verməyə təhrik edir, sonra da verdiyiniz sədəqələri özünə götürür və kasıblara heç nə vermirdi.” Onlar soruşdular: “Nə bilirsən ki, o belə edirdi?” Dedim: “İstəyirsinizsə, onun yığdığı pulların yerini sizə göstərim?” Onlar: “Göstər!”– dedilər. Mən onun xəzinəsinin yerini onlara göstərdim və onlar oradan yeddi küp qızıl-gümüş çıxartdılar. Həqiqət bəlli olduqdan sonra onlar: “Allaha and olsun ki, biz bunu basdırmayacağıq”– dedilər və çarmıxa çəkib daş-qalaq etdilər.

Bundan sonra onun yerinə başqa birisini seçdilər və mən uzun müddət onun yanında qaldım. Mən, namazlarını vaxtlı-vaxtında qılan, dünyaya könül bağlamayıb Axirətə can atan, gecə-gündüz Allahın itaətində duran onun tək dindar birisini görməmişdim. Mən onu çox sevirdim. Nəhayət, ölüm onu haqladıqda, mən dedim: “Ey filankəs! Mən uzun müddət sənin yanında qaldım, səni səmimi-qəlbdən sevdim, heç kəsi sənin qədər sevməmişdim. Budur, Allahın əmri ilə ölüm səni haqlayıb. Mənə nə nəsihət edirsən. De görüm, (sən öləndən sonra) kimin yanına gedim?” O dedi: “Oğlum, əsl dindarlar ölüb getmiş və insanlar bu dini təhrif etmiş, həqiqəti gizlətmişlər. Vallahi, mən bu əqidədə olan yalnız bir nəfəri tanıyıram, o da Mosul şəhərində yaşayan filankəsdir. Gedərsən onun yanına!” O vəfat etdikdən sonra mən Mosulda yaşayan adamın yanına gəlib dedim: “Ey filankəs! Filankəs ölüm ayağında ikən mənə sənin tövhid dinində olduğunu xəbər vermiş və mənə sənin yanına gəlməyi tövsiyə etmişdir.” O mənə yanında qalmağa izin verdi və mən (bir müddət) onun yanında qaldım. Mən onun çox mehriban, xeyirxah bir insan olduğunu gördüm. Nəhayət, ona da ölüm yetişdikdə mən dedim: “Ey filankəs! Filankəs mənə sənin yanında qalmağı nəsihət etmişdi. Budur, Allahın əmri ilə ölüm səni haqlayıb. İndi mən nə edim, (sən öləndən sonra) kimin yanına gedim?” O dedi: “Oğlum, vallahi, mən bizim əqidədə olan yalnız bir nəfəri tanıyıram, o da Nəsibin şəhərində yaşayan filankəsdir. Gedərsən onun yanına!”

O vəfat etdikdən sonra mən Nəsibində yaşayan adamın yanına gəlib dostumun dediklərini ona xəbər verdim. O mənə yanında qalmağa izin verdi və mən (bir müddət) onun yanında qaldım. Mən onun əvvəlki iki kişi kimi tövhid əhli olduğunu, çox mehriban və xeyirxah bir insan olduğunu gördüm. Çox keçmədi ki, onun da əcəli çatdı. Ölüm ayağında ikən mən ona dedim: “Ey filankəs! Filankəs mənə filankəsin yanına getməyi, o da mənə sənin yanına gəlməyi nəsihət etmişdi. Sən mənə nə əmr edirsən, (sən öləndən sonra) mən kimin yanına gedim?” O dedi: “Oğlum! Vallahi ki, mən bizim əqidədə olan yalnız bir nəfəri tanıyıram, o da Əmmuriyyə şəhərində yaşayır. İstəyirsənsə, onun yanına get!” O vəfat etdikdən sonra mən Əmmuriyyədə yaşayan adamın yanına gəlib dostumun dediklərini ona xəbər verdim. O mənə yanında qalmağa izin verdi və mən (bir müddət) onun yanında qaldım. Onun yanında qaldığım müddətdə Allah mənə çoxlu mal-qara və qoyun-quzu nəsib etdi. Çox keçmədi ki, bu kişinin də əcəli yetişdi. Ölüm ayağında ikən mən ona dedim: “Ey filankəs! Mən filankəsin yanında idim. O mənə filankəsin yanına getməyi, filankəs də mənə filankəsin yanına getməyi, o da mənə sənin yanına gəlməyi nəsihət etmişdi. Bəs sən mənə nə buyurursan, (sən öləndən sonra) mən kimin yanına gedim?” O dedi: “Oğlum! Vallahi, mən bizim əqidəmizdə olan elə bir adam tanımıram ki, səni onun yanına göndərim. Lakin (ümidini üzmə) İbrahimin dinində olan peyğəmbərin göndəriləcəyi vaxt artıq yaxınlaşıb. O, ərəblərin arasından çıxacaq, (qövmü onu qovub yurdundan çıxartdıqdan sonra) Hərraya (Mədinə yaxınlığında yerləşən, qaralmış daşkəsəklərlə dolu bir sahəyə) xurmalıqlar olan bir yerə hicrət edəcək. Onun hamıya bəlli olan peyğəmbərlik əlamətləri vardır: hədiyyəni yeyər, sədəqəni isə yeməz və bir də çiyinləri arasında peyğəmbərlik möhürü vardır. O yerlərə gedə bilərsənsə, get!”

O, vəfat etdikdən sonra mən Allahın qədərimə yazdığı qədər Əmmuriyyədə qaldım. Nəhayət, bir gün mən Kəlb qəbiləsindən olan tacirlərə rast gəldim və onlara: “Məni ərəblərin diyarına aparmağa razılıq versəniz, mal-qaramı və qoyunlarımı sizə verərəm”– dedim. Onlar mənim təklifimlə razılaşdılar və mən bütün varidatımı onlara verdim. Tacirlər məni (Mədinə) yaxınlığındakı bir vadiyə gətirdilər və haqsızlıq edib məni kölə olaraq bir yəhudiyə satdılar. Mən onun yaşadığı yerə gəlib çatdıqda xurma ağaclarını gördüm və ürəyimə damdı ki, bu, dostumun mənə vəsf etdiyi yerlərdir. Mən içimdə rahatlıq tapa bilmirdim. Elə bu dəm ağamın mədinəli – bəni-qureyzəli əmisi oğlu onun yanına gəldi və məni satın alıb Mədinəyə apardı. Vallahi, mən Mədinəni görəndə keşişin sözləri yadıma düşdü və axtardığım yeri tapdığımı güman etdim. Həmin ərəfədə artıq Allah Öz peyğəmbərini insanlara göndərmişdi. Peyğəmbər bir müddət Məkkədə dəvət apardı. Mən kölə idim deyə, onun haqqında heç bir məlumatım yox idi. Sonra Peyğəmbər Mədinəyə hicrət etdi.

Bu ərəfədə mən ağam üçün ağacdan xurma yığırdım. Həmin vaxt ağamın əmisi oğlu onun yanına gəldi və onlar ağacın altında durub söhbət etməyə başladılar. Biri o birinə dedi: “Allah Bəni-Qaylə qəbiləsini məhv etsin! Bu dəqiqə onlar Qubada, Məkkədən gəlmiş o kişinin başına toplaşıb, onun peyğəmbər olduğunu iddia edirlər.” Mən bu sözləri eşidəndə bədənimdən isti bir üşütmə keçdi və az qaldım ki, ağacdan ağamın üstünə düşüm. Mən dərhal yerə enib ağamın əmisi oğluna yaxınlaşdım və ondan: “Sən nə dedin, nə dedin?”– deyə soruşdum. Bunu eşidəndə ağam qəzəbləndi və məni əməllicə kötəklədi. Sonra üstümə qışqırıb dedi: “Bunun sənə dəxli yoxdu, get işinlə məşğul ol!” Mən ona: “Sadəcə onun dediyini bilmək istəyirdim”– dedim, (sonra da gedib işimlə məşğul oldum). Axşam düşdükdə mən bir qədər xurma götürüb Peyğəmbərin yanına getdim. Həmin vaxt Peyğəmbər Qubada idi. Mən onun yanına gəlib dedim: “Sənin əməlisaleh insan, ətrafındakı səhabələrin də ehtiyac içində olduğunu eşitmişəm. Odur ki, sədəqə vermək üçün saxladığım bu xurmaları sizə gətirmişəm. Sizin buna daha çox haqqınız çatır.” Bunu deyəndən sonra mən xurmaları Peyğəmbərə uzatdım. Peyğəmbər səhabələrinə: “Yeyin!”– dedi, özü isə bundan yemədi. Onda mən öz-özümə: “Bu, birincisi!”– dedim və çıxıb getdim, Peyğəmbər r də Mədinəyə getdi. Sonra mən yenə bir qədər xurma götürüb onun yanına gəldim və dedim: “Görürəm, siz sədəqə yemirsiniz. Odur ki, bu xurmaları sizə hədiyyə edirəm.” Onda Peyğəmbər xurmadan yedi və səhabələrinə də ondan yeməyi buyurdu. Mən yenə öz-özümə dedim: “Bu da ikincisi” Bir müddətdən sonra mən yenə onun yanına gəldim. Həmin vaxt o, Bəqi qəbiristanlığında səhabələrindən birinin dəfnində idi. O, səhabələri ilə birlikdə yerdə oturmuşdu, əbasını da çiyninə atmışdı. Bu vaxt mən onun arxa tərəfinə keçdim ki, bəlkə keşişin mənə vəsf etdiyi peyğəmbərlik möhürünü görəm. Mən Peyğəmbərin arxa tərəfinə keçdikdə o mənim nə istədiyimi başa düşdü və əbasını çiynindən aşağı saldı. Mən onun çiyinləri arasındakı peyğəmbərlik möhürünü görən kimi onu qucaqlayıb öpdüm və hönkür-hönkür ağlamağa başladım. Peyğəmbər mənə: “Gəl otur!”- dedi, mən də oturub əvvəldən axıradək başıma gələnləri ona danışdım. Bu əhvalat Peyğəmbərə çox təsir etdi və o məndən başıma gələnləri səhabələrə də danışmağı xahiş etdi.”

İbn Abbas demişdir: “Salman Uhud döyüşünədək kölə olaraq qaldı.” Sonra Salman rəvayətinə davam edib dedi: “Bir gün Peyğəmbər mənə dedi: “Ey Salman, ağanla azad olunmağına dair razılaş.” Mən gedib ağamdan üç yüz xurma zoğu əkmək və min altı yüz dirhəm ödəmə şərtilə azad ediləcəyimə dair razılıq aldım. Onda Peyğəmbər səhabələrinə: “Qardaşınıza yardım edin!”- deyə buyurdu, səhabələr də mənə yardım etdilər. Kimisi otuz, kimisi iyirmi, kimisi on beş, kimisi on, kimisi də imkanı daxilində bir neçə zoğ verdi. Beləliklə, üç yüz zoğ yığıldı. Sonra Peyğəmbər mənə dedi: “Ey Salman, get bu zoğların yerini qaz, işini qurtardıqdan sonra, gəl mənə xəbər ver ki, bu zoğları mən öz əllərimlə əkim.” Mən səhabələrlə birlikdə zoğların yerini qazıb qurtardıqdan sonra Peyğəmbərin yanına gəlib işimizi qurtardığımızı ona xəbər verdim. Peyğəmbər qalxıb mənimlə getdi. Biz zoğları bir-bir ona uzadır, o da zoğu yerə sancırdı. Beləcə, Peyğəmbər zoğların hamısını öz əlləri ilə yerə basdırdı. Salmanın canı Əlində olan Allaha and olsun ki, o zoğlardan heç biri tələf olmadı. Beləliklə də, mən ağama xurma ağaclarını ödədim. Lakin min altı yüz dirhəmi ödəmək sonraya qaldı. Döyüşlərin birindən sonra Peyğəmbər məni yanına çağırtdırıb mənə yumurta boyda qızıl külçə verdi və dedi: “Al bunu, borcunu ödə, ey Salman!” Dedim: “Bu bəs edəcəkmi, ya Rəsulullah?” Peyğəmbər r dedi: “Götür bunu, qüdrət və qüvvət sahibi olan Allah sənin borcunu ödəyəcək.” Mən bu qızıl külçəni götürüb tərəzidə çəkdirdim. Salmanın canı Əlində olan Allaha and olsun ki, düz qırx övqiyə gəldi. Beləcə, mən borcumu ödəyib azad olundum” (İmam Əhməd, 5/441-444; Silsilətul-Əhadisis-Səhihə, 894-cü hədis).

Paylaş: