Ateistlərin "Muhəmməd ﷺ Quranı başqa kitablardan köçürüb" şübhəsinə cavab

    02.05.2022
Kimdən: 
Abi
Sual: 
Salam aleykum, ateistlər iddia edirlər ki, Muhəmməd peyğəmbər Quranı özü yazıb. Bu şübhəyə necə cavab vermək olar?
Cavab: 

Müasir dövrdə ateistlər Quranda qeyd edilən hadisələrin başqa dinlərin müqəddəs saydıqları kitablardan kopyalanaraq Quranda təkrar olunmasını iddia edirlər. Onların iddialarına görə Quranda olan hekayələr başqa kitablarda da mövcuddur. Əvvəla qeyd edək ki, Quran yalnız keçmiş peyğəmbərlər haqqında hekayələrdən ibarət deyil. Allah, mələklər, axirət həyatı haqqında, ibadətlər, şəri hökmlər, keçmiş və gələcək haqqında xəbərlər, hələ tam dərk edilməmiş elmi faktlar və s. məlumatlar Qurani-Kərimdə Uca Allah tərəfindən bizə verilən məlumatların bir hissəsidir. Amma hətta keçmiş peyğəmbərlər haqqındakı məlumatların da başqa kitablardan köçürülməsi iddiası yalnışdır. Gəlin – iddialara görə – kopyaların edildiyi həmin istinad olunan kitablardan bəzilərinə və onların yazıldığı dillərə baxaq:

- Şumerlərin gil kitabələri (şumer dili)
- “Tövrat və Məzmurlar” (antik ibrani, süryani və kəldani dillərində)
- “İncil” (antik yunanca)
- “Adəm ilə Həvvanın Həyatı” kitabı (apokrifik, antik slav dili)
- “Tomasın İncili” (qipti dilində)
- “Psevdo-Matta” (apokrifik, qipti dilində)
və s.

Diqqət etsək görərik ki, bu kitabları oxumaq və lazım olan yerlərini – iddia edildiyi kimi – kopyalamaq üçün ən azı 5-6 dili səlist bilmək lazımdır. Çünki sözügedən kitabların o dövrdə ərəbcə mövcud olduğunu demək gülünc olardı. Belə ki, bu kitablardan ən məşhurları – “İncil” və “Tövrat” yalnız 8-9-cu əsrdə ərəbcəyə çevrilmişdir, bəziləri isə ümumiyyətlə tərcümə edilməmişdir. Nəinki bir neçə dil bilməyin, elementar oxuyub-yazmanın belə yayqın olmadığı Ərəbistan yarımadasında Peyğəmbərin ﷺ bu qədər dil bildiyini iddia etmək isə daha da gülünc olardı.

Daha da maraqlı olan isə odur ki, bu qədər dili bilməklə də problem həll olunmur. Belə ki, bu kitabların hamısını oxumaq üçün bütün bu əsərlərin cəmləşdiyi və əlçatan olduğu bir kitabxana, məsələn, İsgəndəriyyə kitabxanası kimi bir kitabxana lazımdır. Nəzərə alsaq ki, bu kitabların bəziləri kilsə və sinaqoqlar tərəfindən qəbul edilməmiş və dildən-dilə keçmişdir - halbuki o dövrdə ərəblərin kilsələr tərəfindən qəbul edilmiş İncillərdən belə xəbərləri yox idi – o zaman məsələ daha da mürəkkəbləşir. Bütün bunlar olsa belə, 7-ci əsrdə bu kitablardan baş çıxarmaq üçün nə qədər vaxt və çalışmaya ehtiyac olduğunu düşünmək belə çətindir.

Belə bir məqamda iddia sahibləri müxtəlif mədəniyyətlərin antik dillərdə yazılmış cildlərlə kitablarında yer alan hekayələr haqda Peyğəmbərin ﷺ necə məlumatlı olduğunu, bu məlumatları hardan bildiyini izah etməlidirlər. Düşünən insanlar üçün isə cavab aydındır. Bu, sadəcə vəhy ilə mümkündür!
Həmçinin, oxuyun:  Quranın Allah sözü olmasının sübutları 

Teqlər: 
Paylaş: