Quran ayələrinin ardıcıllığı nəyə əsasən təyin olunmuşdur?

    19.07.2022
Kimdən: 
Aslan Aslanlı
Sual: 
Salam Aleykum Ve Rahmetullahu ve Barakatu. Qardaş, peyğamberimize ilk nazil olan aye Eleq suresinin ayesidir. Bes niye Qurani-Kerimde ilk sure Fatihe suresidir. Bu sıralama neye esasen teyin olunub? Ayeler nazil olanda hansı sureye aid olduğu nece bilinib? Ve ümumi olaraq Quranın tertibi barede melumat verersiniz geniş olaraq. Teşekkürler. Salam Aleykum.
Cavab: 

Va aleykum Salam. Quranda keçən surələrin və onların ayələrinin ardıcıllığı Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) tərəfindən Uca Allahın əmri ilə düzülmüşdür. Bir çox alimlər bu xüsusda alimlər arasında yekdil rəyin olduğunu bildirmişlər. ət-Tabəri demişdir: "Quran surələrində ayələrin tərtibatı Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmri ilə olmuşdur. Bu məsələdə müsəlmanlar arasında heç bir fikir ayrılığı yoxdur". Həmçinin İbn Abbas (Allah ondan razı olsun) demişdir: "Bir dəfə Osman ibn Əffandan (Allah ondan razı olsun) soruşdum: "əl-Ənfal" surəsi ayələrinin sayı yüzdən az olan surələrdən olduğu halda, nə üçün onu, ayələrinin sayı yüz və daha çox olan surələrdən olan "ət-Tövbə" surəsi ilə yanaşı yazıb aralarına "Bismilləhir-Rahmənir-Rahim" (Mərhəmətli və Rəhmli Allahın adı ilə) yazmamısınız və onu ("əl-Ənfal" surəsini) ilk yeddi uzun surələrin içinə qoymusunuz?" Osman (Allah ondan razı olsun) belə cavab verdi: "Bəzən Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) uzun zaman vəhy nazil olmurdu, bəzən isə uzun zaman vəhy nazil olurdu.  Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Qurandan bir ayə nazil olduqda vəhy yazan səhabələrdən birini çağırıb: "Bu ayələri, filan-filan mövzular zikr edilən surəyə yerləşdirin!"– deyərdi". (əl-Mustədrək, 2/230). 

Osman ibn Əbul-As (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanında idim. Birdən onun gözləri göyə dikəldi, sonra gözünü aşağı saldı, bu haldan az qala yerə dəyəcəkdi. Sonra yenə gözünü göyə qaldırdı və dedi: "Cəbrail (ona salam olsun) mənim yanıma gəldi və Uca Allahın "Həqiqətən, Allah əda­lət­li olmağı, yaxşılıq etməyi və qo­hum­­la­ra haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər tö­rət­məyi və azğın­lıq etmə­yi isə qadağan edir..." ayəsini Quranın bu yerinə (ən-Nəhl surəsinin 90-cı ayəsinə) yerləşdirməyimi əmr etdi" (Əhməd, 4/218). 

Bu hədislər dəlalət edir ki, Quran ayələrinin yerləşdirilməsi Uca Allahın əmri ilə olmuşdur. 

Teqlər: 
Paylaş: