Bir şəxsə mövla demək olarmı?

    20.07.2022
Kimdən: 
Abdullah
Sual: 
Əs sələmualekum. Bilmək istərdim mövlə sözünu şəxsə işlətmək misal, əli mövlam və s bunu deyən şikr edir? Yoxsa niyyətinə baxmaq lazımdır. Bildiyim qədər mövla sözünün mənası çoxdur.
Cavab: 

Va aleykum Salam. "Mövla" sözünün insana aid işlətməkdə bir qəbahət yoxdur. Çünki "mövla" sözü bir neçə mənada işlənir. Uca Allaha aid edildikdə "Himayədar" mənasını verir. Köləyə sahib olan ağaya da "mövla" deyilir. Həmçinin "mövla" sözü "yaxın qohum" mənasında işlənir. Uca Allah eyni sözü "yaxın qohum" mənasında işlədərək buyurur: "O gün yaxın qohum öz qohumuna heç bir şeylə fay­da verə bilməyəcək, on­la­ra kö­mək də edilməyə­cək­" (əd-Duxan, 41). Həmçinin azad olunmuş qula və qulu azad edənin sahibinə də "mövla" deyilir. Lakin yaxşı olar ki, bir şəxsə "başçı" və ya "rəhbər" mənasında "mövla" deməyəsən. Bir hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bu sözü insanlara işlətməkdən çəkindirərək buyurur: "Heç kəs qardaşına "mövlam" deyə müraciət etməsin, çünki sizin mövlanız (Himayədarınız) Allahdır". (Muslim, 2249). Başqa bir rəvayətdə belə deyilir: "Heç bir qul ağasına "rəbbim" (sahibim) deyə müraciət etməsin, qoy "ağam" və ya "mövlam" desin!" (əl-Buxari, 2552). Alimlər sonuncu hədisə əsaslanaraq başçıya və ya rəhbərə "mövla" deməyin icazəli olduğunu bildirmişlər. Lakin bu sözü işlətməkdən çəkinmək daha yaxşıdır. Həmçinin oxuyun: Tarix "Qədr Xum" hadisəsini necə izah edir?

Teqlər: 
Paylaş: