Mütəşabih ayə və hədis nə deməkdir?
Va aleykum Salam. Mütəşabih sözü "mənası aydın olmayan" deməkdir. Uca Allah buyurur: "Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: "Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir". Bunu isə ancaq ağıl sahibləri dərk edərlər". (Ali İmran, 7).
İbn Kəsir bu ayənin təfsirində demişdir: "Uca Allah bu ayədə Quranda mənası aydın olan (möhkəm) ayələr olduğunu və bu ayələrin "Ummul-Kitəb" (Kitabın anası) olduğunu xəbər verir. Yəni, dəlalət etdikləri məna hər kəs tərəfindən açıq-aydın başa düşülən və heç kəsə qaranlıq qalmayan ayələrdir. Həmçinin Uca Allah xəbər verir ki, Quranda digər bir qisim – mənası aydın olmayan (mutəşabih) ayələr də var və insanlardan bir çoxu və ya bəziləri bu ayələrin dəlalət etdikləri mənanı başa düşməkdə çətinlik çəkirlər. Kim bu ayələrə mənası aydın olan ayələrlə açıqlama verərsə və mutəşabih ayələrin mənasını aydın olan ayələrin işığında düşünərsə, artıq doğru yolu tapmışdır. Bunun əksini edən isə azğınlığa düşər. Bu səbəbdən Uca Allah: "...bunlar da Kitabın anasıdır" - buyurur. Yəni, muhkəm ayələr çaşqınlıq baş verdikdə müraciət ediləcək əsas ayələrdir. "Digərləri isə mənası aydın olmayan ayələrdir" - yəni, dəlalət etdikləri məna baxımından muhkəm ayələrə uyğun gəlməsi ehtimal olunan ayələrdir. Bununla belə bu ayələrin məqsəd baxımından deyil, ləfz və ifadə baxımından başqa bir şeyə dəlalət etmələri də mümkündür. Uca Allah ayədə: "fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə" - buyurur. Yəni, özlərinə tabe olanları azdıraraq etdikləri bidət əməllərdə (dində yeniliklərdə) Qurana əsaslandıqlarına inandırmaq üçün mənası aydın olmayan ayələrin ardınca düşərlər. Halbuki, bu ayələr onların lehinə deyil, əleyhlərinə olan bir dəlildir".