Namazı oturaraq qılan imama tabe olanlar namazı necə qılmalıdırlar?
Va aleykum Salam. Üzürlü səbəbdən oturaraq namaz qılan imamın arxasında namaz qılmaq icazəlidir və bu daha əfzəldir. Lakin nəzərə almaq lazımdır ki, əgər imam namazın əvvəlindən oturaraq qılırsa, bu imama tabe olanlar da namazı oturaraq qılmalıdırlar. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xəstələndiyi zaman öz evində oturmuş vəziyyətdə namazı qıldı, arxasındakı camaat isə namazı ayaq üstə qıldı. O, onlara (əli ilə) işarə etdi ki, otursunlar. Namazı qılıb qurtardıqdan sonra buyurdu: "İmam ona görə təyin olunmuşdur ki, (arxasında) namaz qılanlar ona tabe olsunlar. O, rükuya gedəndə siz də rükuya gedin, o, (başını) qaldıranda, siz də (başınızı) qaldırın, o, oturmuş vəziyyətdə namaz qılarsa, siz də (namazı) oturmuş vəziyyətdə qılın". (Səhih əl-Buxari, 688). Səhabələrdən Ənəs ibn Malikdən və Əbu Hureyradan (Allah onlardan razı olsun) da belə nəql olunmuşdur. (Səhih Muslim, 622, 628). Lakin, əgər imam namaza ayaq üstə başlayıb sonra namaz əsnasında oturarsa, bu imama tabe olanlar namazlarını ayaq üstə davam etdirirlər.