Quranda adları keçən Hicr əhli və Əykə əhli kimlərdir?

    22.07.2022
Kimdən: 
Malik
Sual: 
Salam Aleykum ve Rahmetullah. Qardaş Qurani Kerimde Hicr suresinde Adı hallanan hicr ehli ve eyke ehli kimlerdir?
Cavab: 

Va aleykum Salam. Ayədə keçən "Hicr əhli" Səmud qövmüdür. "Hicr" sözünün mənası daşlar deməkdir. Onlar qayalıqlardan özlərinə evlər yonduqları üçün belə adlanırdılar. Uca Allah buyurur: "Hicr əhli də elçiləri ya­lançı saydı. Biz onlara ayələrimizi gön­dər­dik, lakin onlar bu ayə­lərdən üz döndər­di­lər. Onlar təhlükəsizlikdə qal­maq üçün dağlarda evlər yo­nur­du­lar". (əl-Hicr, 80-82).  Uca Allah bu qövmə Salehi (ona Allahın salamı olsun) peyğəmbər olaraq göndərmişdi. Qövmü Saleh peyğəmbərdən özlərinin təyin etdiyi bir qayadan dəvə çıxarmasını istəmiş, hətta sonradan həmin dəvəni vəsf də etmişdilər. Saleh peyğəmbər Allaha dua edərək bunu Ondan istəmişdi. Allah həmin qayadan onların istədikləri xüsusiyyətlərə malik olan dişi dəvəni möcüzə olaraq çıxartmışdı.  Uca Allah bu barədə buyurur: “Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə  açıq-aydın dəlillər gəldi. Allahın qayadan çıxartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Onu buraxın Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar” (əl-Əraf, 73). Dəvə bir gün quyudan su içər, o birisi gün isə insanlara süd verərdi. Uca Allah buyurur: “Səmud tayfası da elçiləri yalançı saydı. O vaxt qardaşları Saleh onlara dedi: "Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız? Bağlar və bulaqlar içində, əkinlər və yumşaq meyvəli xurmalıqlar içində arxayınlıqla qalacaqsınız? Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz? Allahdan qorxun və mənə itaət edin! Həddi aşanların əmrinə tabe olmayın. Onlar yer üzündə fəsad törədir və özlərini günahdan təmizləmirlər". Onlar dedilər: "Sən yalnız və yalnız sehrlənmişlərdənsən. Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir möcüzə göstər". Saleh dedi: "Möcüzə bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o, su içməli, bir gün də siz içməlisiniz). Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar". Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular. Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir". (əş-Şüəra, 141-159). 

Əykə əhlinə gəlincə, bunlar Şueybin qövmüdür. "Əykə" sözünün mənası "çoxlu ağacları olan bostan" deməkdir. Uca Allah Öz nemətini xatırlatmaq üçün onları belə adlandırmışdır. Uca Allah onlara Şueyb peyğəmbəri göndərmiş və Şueyb onları Allaha şərik qoşmamağa, insanları aldadıb çəkidə və ölçüdə aldatmamağa çağırmışdır. Lakin onlar onu inkar etmiş və əzaba layiq olmuşlar. Uca Allah onlar barədə buyurur: "Əykə əhli də elçiləri ya­lançı saydı. O vaxt Şueyb on­lara de­di: “Mə­gər qorxmur­sunuz? Şübhəsiz ki, mən sizin üçün eti­bar edilməli bir elçi­yəm. Allahdan qorxun və mə­nə itaət edin! Mən bunun əvəzinə siz­dən heç bir mükafat istəmi­rəm. Mə­nim müka­fa­tım ancaq aləm­lərin Rəbbinə aiddir. Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın. Düz tərəzi ilə çəkin. İnsanların əşyalarını ək­sik ver­məyin və yer üzündə fə­sad ya­ya­raq pis işlər gör­mə­yin. Sizi və əvvəlki nəsilləri Yara­dan­dan qorxun!” Onlar dedilər: “Sən yal­nız və yal­nız sehrlənmişlər­dən­sən. Sən də bizim kimi an­caq bir in­sansan. Biz səni yalan­çı­lar­dan biri he­sab edirik. Əgər doğru danışan­lar­dan­san­sa, göyün bir parça­sını üs­tü­mü­zə en­dir”. Şueyb dedi: “Rəbbim si­zin nələr etdiyinizi daha yaxşı bi­lir”. Onlar isə onu yalançı saydılar və buna görə də köl­gə­li gü­nün əzabı on­ları yaxa­ladı. Həqiqətən, o, böyük bir gü­nün əzabı idi" (əş-Şuəra, 175-189). 

Teqlər: 
Paylaş: