Vitr namazı ilə bağlı yazdığınız cavabı bir daha izah edə bilərsinizmi?
Aleykum salam. İki-iki rükət dedikdə sübh namazı kimi iki rükət qılıb salam vermək, sonra istəsəniz bir daha iki rükət qıla bilərsiniz. Beləcə, on iki rükətə qədər qılmaq olar, axırda isə bir rükət vitr namazı qılınır. Vitr Peyğəmbərin (sallallahu aleyhi və səlləm) nadir hallarda buraxdığı gecə namazıdır. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (sallallahu aleyhi və səlləm) demişdir: “Ey Quran əhli, Vitr namazını qılın! Allah Vitrdir (Təkdir) və Vitri (tək sayda olanları) sevir”. (Əbu Davud, 1416).
Həmçinin, o (sallallahu aleyhi və səlləm) demişdir: “Həqiqətən, Allah sizin üçün Vitr namazını əlavə etmişdir, elə isə ona riayət edin!”
Həmçinin (sallallahu aleyhi və səlləm) demişdir: “Məğrib namazı günün vitridir, elə isə gecənin vitrini də qılın!”
Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Ən əziz dostum (Peyğəmbər) mənə üç şeyi nəsihət etmişdir ki, mən ölənədək onları buraxan deyiləm; hər ay üç gün oruc tutmaq, duha namazını qılmaq və vitri qılıb yatmaq”. (Buxari, 1178).
Hədislərdən göründüyü kimi vitr namazı tək sayda qılınır. Vitr işa namazından sonra sübh namazınadək qılına bilər. Gecənin üçdə birində qılmaq daha yaxşıdır.