Dəstəmazın fəziləti haqqında
Aleykum salam. Dəstəmazın fəziləti haqqında bir çox hədislər rəvayət olunmuşdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Müsəlman bir bəndə dəstəmaz aldığı zaman üzünü yuduqda, gözləri ilə gördüyü hər bir günah su ilə, (yaxud suyun son damlasıyla) bərabər üzündən çıxar. Əllərini yuduqda, əlləri ilə etdiyi hər bir günah su ilə, (yaxud suyun son damlasıyla) bərabər əllərindən çıxar. Ayaqlarını yuduqda, ayaqları ilə getdiyi hər bir günah su ilə, (yaxud suyun son damlasıyla) bərabər ayaqlarından çıxar. Nəhayət, o bəndə günahlardan təmizlənmiş halda çıxar". (Muslim, 577).
Həmçinin, Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) qəbiristanlığa gəlib dedi: "Salam olsun sizə, ey bu diyarın mömin sakinləri! Allah istəsə, biz də sizə qovuşacağıq. Qardaşlarımızı görməyimizə ümid edirəm!" Səhabələr (Allah onlardan razı olsun) soruşdular: "Biz sənin qardaşların deyilikmi, ey Allahın Elçisi?" O buyurdu: "Siz mənim səhabələrimsiniz. Qardaşlarımız isə hələ dünyaya gəlməmiş kimsələrdir". Səhabələr (radıyəllahu anhum) soruşdular: "Hələ dünyaya gəlməmiş kimsələrin sənin ümmətindən olduğunu necə tanıyacaqsan, ey Allahın Elçisi?" O buyurdu: "Deyin görüm, əgər bir adamın alnında və ayaqlarında ağ ləkə olan atlara sahib olarsa və bu atlar, rənginə başqa rəng qarışmamış qapqara atların arasında olarsa, o adam öz atını tanımazmı?" Səhabələr (Allah onlardan razı olsun): "Bəli, tanıyar, ey Allahın Elçisi!" - deyə cavab verdilər. O buyurdu: "Heç şübhəsiz ki, onlar da Qiyamət günü dəstəmaz almaqdan dolayı üzləri parlaq, əlləri və ayaqları nurlu halda (məhşərə) gələcəklər. Hamıdan əvvəl hovuzun başına gələn kimsə mən olacağam. Bilin ki, itmiş dəvə qovulduğu kimi bir çox insanlar da mənim hovuzumun yanından qovulacaqlar. Mən: "Haydı, bura gəlin!" - deyə onları səsləyəcəyəm. Cavabında mənə: "Onlar səndən sonra (dində) dəyişikliklər etmişlər" - deyiləcək. Onda mən deyəcəyəm: "Allah onları məndən uzaq eləsin, uzaq!" (Muslim, 584).