Haram yolla əldə olunmuş pula zəkat düşürmü?
Va aleykum Salam. Vacibliyini inkar etmədiyi təqdirdə, zəkat verməkdən imtina edən şəxs kafir sayılmır, lakin böyük günah sahibidir.
Haram maldan zəkat verməyə gəlincə, haram mala zəkat düşmür, belə maldan zəkat vermək sayılmır və Allah qatında qəbul olunmur. Çünki Uca Allah gözəldir, pakdır və yalnız pak olanı qəbul edir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, Allah pakdır və (ona görə də) yalnız pak olanı qəbul edir. Allah Öz elçilərinə əmr etdiyini möminlərə də əmr edərək belə buyurur: «Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!» (əl-Muminun, 51). Həmçinin, O belə buyurur: «Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!» (əl-Bəqərə, 172). Sonra Peyğəmbər uzun səfərə çıxan, saçları dağınıq və üst-başı toz-torpaq içində olan bir kişini misal çəkdi və dedi: “O, yediyi haram, içdiyi haram, geydiyi haram olduğu və haram qazancla qidalandığı halda əllərini göyə qaldırıb: “Ey Rəbbim, Ey Rəbbim!” - deyir. Belə olan təqdirdə bu dua necə qəbul olunar?!” (Muslim, 2393).
Evində haram malı olan şəxs, əgər bu mal başqalarından oğurlanıbsa, bu malı onlara qaytarılmalı, əgər haram ticarətdən əldə olunubsa, bu puldan xilas olmaq üçün onu xeyir işlərə sərf etməlidir.