Pirdə Allahın adına kəsilən heyvanı yemək olarmı?
Va aleykum Salam və Rahmətullah. Allahın adına kəsilsə belə, Allaha şərik qoşulan yerlərdə kəsilən heyvanları yemək qadağandır. Odur ki, o qohumun evində ət yeməklərini yeməyin. Uca Allah haram qidaları bizə bildirərək buyurur: "Sizə leş, qan, donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş heyvanlar haram edildi. Habelə boğulmuş, küt alətlə vurulub öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, (başqa bir heyvan tərəfindən) buynuzlanıb ölmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş – bu heyvanlardan canı çıxmamış kəsdikləriniz istisnadır – dik qoyulmuş daşlar (Allaha şərik qoşulan qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar günahdır" (əl-Maidə, 3). İbn Kəsir bu ayənin təfsirində demişdir:
"Mucahid və İbn Cureyc (Allah onlara rəhmət etsin) demişlər: "Dik qoyulmuş daşlar Kəbənin ətrafında olan daşlardır". Həmçinin İbn Cureyc demişdir: "Bunlar üç yüz altmış daş idi. Ərəblər cahiliyyət dövründə qurbanlarını bu daşların yanında kəsərdilər. Burada kəsdikləri qurbanların qanını Kəbəyə səpər, ətlərini isə parçalayıb bu daşların üzərinə sərərdilər”. Bir çoxları da belə nəql etmişlər. Sonra Uca Allah möminlərə bu cür etməyi qadağan edərək, Allahın adı çəkilmiş olsa belə, bu daşların yanında kəsilən heyvanların ətindən yeməyi haram etmişdir. Çünki bu, Allahın və Elçisinin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadağan etdiyi şirk əməldir. Bu ayə bu mənada açıqlanmalıdır". Həmçinin oxuyun:
Pirdə qurban kəsmək və qurbanla əlaqəli digər suallar
Ziyarətgahlara nəzir qoymaq olarmı?