Ən böyük günah hansıdır?

    18.02.2023

Əbu Bəkrə  rəvayət edir ki, Peyğəmbər ﷺ üç dəfə: “Sizə günahların ən bö­yü­yü barədə xəbər verimmi?”– deyə soruşdu. Əshabələr: “Bəli, ya Rə­sul­allah!”– de­yə cavab verdilər. Peyğəm­bər ﷺ: “Allaha şə­rik qoşmaq və valideyn­lərin üzü­nə ağ olmaqdır”– dedi. (Bunu deyəndə) o söykənmişdi; sonra qalxıb otur­du və: “yalan söz danışmaqdır”– dedi. O bunu dalbadal o qədər təkrar etdi ki, biz (bir-birimizə): “Nə olaydı, susaydı!”– dedik” (Onlar Peyğəmbərin  halına yandığından, o həyəcanlanmasın deyə belə demişlər. (əl-Buxari, 2654)

​​​​

Böyük günahların birincisi və ən böyüyü – Allaha şərik qoşmaq

Səhabələr Peyğəmbərimizdən ﷺ: “Allah qatında ən böyük günah hansıdır?”- deyə soruşduqda, Peyğəmbər ﷺ: “Səni yaratmış olduğu halda Allaha şərik qoşmağındır”- buyurmuşdur. (Muslim, İman, 141)

Uca Allah buyurur:
“Allaha şərik qoşan şəxs əlbəttə ki, böyük günah etmişdir” (ən-Nisa, 48).

İnsan hansı vəziyyətdə olursa olsun bu günahdan son dərəcə uzaq durmalıdır. Peyğəmbərimiz ﷺ belə buyurmuşdur: “Parça-parça edilsən də, alovlarda yansan da heç bir şeyi Allaha şərik qoşma!..”

Peyğəmbər ﷺ şirkə aparan bütün yolları bu ümmətə bəyan etmiş, həm dəvətinin əvvəlində, həm də ölüm anında belə şirkdən – Allaha şərik qoşmaqdan çəkindirmişdir.

 

Şirk – Allaha şərik qoşmaq nədir?

Şirk sözü şəriklik, ortaqlıq deməkdir.
Şirk - iki şeyi bir-birinə bərabər tutmaq, Uca Yaradanı yaradılmışlara bənzətməkdir.
Şirk ibadətin hər hansı bir növünü (Allahın sevdiyi və razı qaldığı hər bir söz və əməl - namaz, oruc, dua, qurban, səcdə, təvəkkül, nəzir, sevgi, qorxu, niyyət və s. ibadətdir) Allahla yanaşı başqasına həsr etməkdir.
İnsanların çoxu Allahla yanaşı daşa, günəşə, aya, peyğəmbərlərə, qəbirlərə, ulduza və başqa şeylərə ibadət edirlər. Onlara Allaha dua etdiyi kimi dua edirlər, onlardan Allahdan qorxduğu kimi qorxurlar, onlara Allaha ümid bəslədiyi kimi ümid bəsləyirlər və onları Allahı sevdiyi kimi sevirlər. Uca Allah buyurur:

“İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər” (əl-Bəqərə, 165);
“Onlar orada (Cəhənnəmdə) höcətləşərək deyərlər: “Allaha and olsun ki, biz açıq-aydın azmışdıq! Çünki biz sizi aləmlərin Rəbbi ilə bərabər tutduq”. (əş-Şuəra, 97);
“Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə öz Rəbbinə tay tutarlar”. (əl-Ənam, 1).
Dinimiz ibadəti yalnız Allah üçün xüsusiləşdirməyi əmr edir və bu ibadətlərdən nəyisə Allahdan başqasına yönəltməyi qadağan edir. Allahdan başqalarından istəmək müsəlman olmayanların etdikləri şeylərdir.

Uca Allah buyurur:
“De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (əl-Ənam, 162);
“O, sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz. O, sizə müsəlman olduqdan sonra, özünüzü Allaha təslim etdikdən sonra kafir olmağı heç əmr edərmi?!” (Ali-İmran, 80).

Qurani-Kərimdə bu mövzuda olan ayələr çoxdur.
 

Allaha şərik qoşmaq bizi yaradan, bizi və bütün kainati idarə edən Allaha atilan iftira və yalandir

Uca Allah buyurur:
“Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz. Bunun xaricindəki günahları, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, böyük bir günahla (Allaha) iftira atmış olar” (ən-Nisa, 48);
“Onlar bunu Allaha iftira ataraq edirlər. O da onları atdıqları iftiraya görə cəzalandıracaqdır” (əl-Ənam, 138);
“Yalan sözlərlə Allaha iftira atan, yaxud Onun ayələrini təkzib edən kəsdən daha zalım kim olar?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar” (əl-Ənam, 21);
“Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər? Onlar yalnız zənnə qapılır və ancaq yalan uydururlar” (Yunus, 66);
“Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz. Allah onların nə etdiklərini bilir” (Yunus, 36);
“Alaha qarşı yalan uyduranların Qiyamət günü barədə fikirləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükr etmir” (Yunus, 60).

 

Allaha şərik qoşmaq Allah haqqinda pis zənndir

Uca Allah bu haqda buyurur:
“Onlar Allah haqqında çox pis bir zənnə qapanıblar; “Allahı haqqı ilə təqdir etmədilər…”. (əl-Həcc, 74).

 

Allaha şərik qoşanın bütün əməlləri puç olar

Uca Allah buyurur:
“(Ey Peyğəmbər!) Həqiqətən, sənə də, səndən əvvəlkilərə də: “Əgər Allaha şərik qoşsan, sənin əməlin puça çıxar və ziyana uğrayanlardan olarsan!”- deyə vəhy olunmuşdur” (əz-Zumər, 65);
“Ey iman gətirənlər! Həm Allaha, həm də Peyğəmbərə itaət edin və əməllərinizi puça çıxarmayın!” (Muhəmməd, 33).

Allah hər bir şərik qoşana Cənnəti haram etmişdir

Uca Allah buyurur: “Allaha şərik qoşana Allah Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur” (əl-Maidə, 72).

Peyğəmbər ﷺ buyurmuşdur: “Kim Allahla yanaşı başqa birisinə dua edərək ölərsə, Cəhənnəmə düşər”. (əl-Buxari, 4497)
 

Allah Ona şərik qoşanı əfv etməz, yalniz tövbə edənlər istisnadır

Uca Allah buyurur:
“Əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada da, axirətdə də acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi vardır“ (ət-Tövbə, 74);
“Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz. Lakin istədiyi şəxsə bundan başqa olan günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs əlbəttə ki, böyük günah etmişdir”. (ən-Nisa, 72)
Bilərəkdən Allaha şərik qoşaraq ölən kimsə əbədi olaraq Cəhənnəmdə qalacaq
 
Uca Allah buyurur:
“Şübhəsiz ki, Kitab əhli və müşriklərdən kafir olanlar Cəhənnəm atəşində əbədi olaraq qalacaqlar. Onlar insanların ən şərliləridirlər”. (əl-Bəyyinə, 6)

Buna görə də Allah yanında dəyəri müqayisə edilməyəcək qədər böyük olan şirkdən qorxmaq lazımdır. Şübhəsiz, ən pis bənzətmə qadir olmayanı hər şeyə qadir olan Allaha bənzətməkdir.