Peyğəmbərlərin göndərilməsində məqsəd
Allah peyğəmbərlərini göndərib, kitablarını nazil edib, göyləri və yeri yaradıb ki, Onu tanıyaq, yalnız Ona ibadət edək. Uca Allah buyurur:
“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım”. (əz-Zariyat, 56);
“Rəbbin yalnız ona ibadət etməyi buyurmuşdur”. (əl-İsra, 23);
“Biz hər ümmətə: ”Allaha ibadət edin, tağutdan (şeytandan) çəkinin! – deyə peyğəmbər göndərmişdik” (ən-Nəhl, 36).
Peyğəmbərlər nə özlərinin, nə də heç bir məxluqun və ya heç bir şeyin müqəddəsləşdirilməsi üçün göndərilməmişdir. Onlar yalnız Allaha ibadət etməyi təbliğ etmişlər.
Allahdan gələn vəhy Muhəmməd peyğəmbərin ﷺ vəfatı ilə sona çatmışdır.
Uca Allah buyurur:
“Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda “mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi kimi bir kitab endirəcəyəm” deyən şəxsdən daha zalim kim ola bilər". (əl-Ənam, 93);
“O, Allahın Rəsulu və Peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!” (əl-Əhzab, 37-40).
Sonuncu peyğəmbərimiz Muhəmmədin ﷺ ölümü ilə Qurana və şəriət hökmlərinə (vəhyə) son qoyulmuşdur. Uca Allah Quranın son nazil olan ayəsində belə buyurur:
“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətim tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim” (əl-Maidə, 3).