Özlərinə seyyid deyən insanlara nəzir vermək olmaz
“Seyyid” sözü ərəb dilində “ağa”, “başçı” deməkdir. İslam dinində seyyid sözü hörmət əlaməti olaraq Peyğəmbərin ﷺ nəslindən olan insanlara deyilir. Təəssüflər olsun ki, Azərbaycanda bu anlayışla bağlı da insanlar aldadılmışdır.
Birincisi, bir insanın Peyğəmbərin ﷺ nəslindən olmasını təsdiqləmək üçün həmin şəxsin seyyidliyini təsdiq edən sənədi olmalıdır. Bu sənəd bəzi ərəb ölkələrində olan nəsil şəcərəsi kimi olan kitabçadır ki, orada Peyğəmbərə ﷺ qədər həmin şəxslərin ata tərəfdən qohumluğu qeyd edilmişdir.
İkincisi isə, ölkəmizdə özlərinin seyyid olmalarını iddia edənlərin əksəriyyəti bu addan sui-istifadə edərək insanları özlərinə tabe etdirir, nəzir vermək adı ilə sədəqələr yığır, “cədlərinin çox ağır” olduğunu bildirir, özlərini hamıdan üstün tutur və Peyğəmbərin ﷺ əhli-beytinə, onun nəslinə yaraşmayan əməllər edirlər. Halbuki, “cədd” sözü baba deməkdir və bunun ağırlıqla, ilahilik xüsusiyyətilə, kiməsə nəsə zərər və ya xeyir verməklə heç bir əlaqəsi yoxdur. İnsanların bu məsələdəki bilgisizliklərindən kifayət qədər “bəhrələnirlər”. Peyğəmbərimiz ﷺ bu cür əməlləri qadağan etmişdir. Peyğəmbər ﷺ sədəqə, nəzir, zəkat kimi ianələri almaz, bunların ona və əhli-beytinə haram olduğunu bildirərək deyərdi: “Biz əhli-beytik, bizə zəkat halal deyil”. (Əbu Davud “Zəkat”, 29)
Peyğəmbər ﷺ buna çox diqqət edər, hətta bir dəfə uşaq olmasına baxmayaraq böyük nəvəsi Həsənin də zəkat malı olan xurma yeməsinə icazə verməmişdir.
Həmçinin, onu da qeyd etmək lazımdır ki, İslam dinində əsil-nəsəbi ilə öyünmək günah hesab edilir. Qurani-Kərimdə və Peyğəmbərin ﷺ səhih hədislərində xəbər verilir ki, Allahın dərgahında üstünlük yalnız Allah qorxusuna, Allaha olan imana və itaətə görədir. Yuxarıdakı bölmələrdə qeyd olunduğu kimi, İslam dinində buna təqva deyilir. Təqva Allahın buyurduqlarını yerinə yetirmək və Onun qadağan etdiyi şeylərdən çəkinməkdir.
Övliya kimdir?
Allahın övliyası deyildikdə kimlər nəzərdə tutulur? Övliya əməlisaleh və təqva (Allahdan qorxu) sahibi olan mömin bəndədir. Allahın dostu anlamında işlənir. Uca Allah buyurur:
“Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər”. (Yunus, 62-63).
O insanlar ki, Rəblərinə ibadət edərlər, dinin buyurduğu beş əsası (namazı, orucu, zəkatı və s.) lazımınca yerinə yetirərlər, haram yeməzlər, özlərini camaat içində “Mən Allahın övliyasıyam” deyərək büruzə verməzlər, təvazökarlıq edərlər, insanları Uca Allaha ibadət etməyə çağırarlar və s. Bu gözəl sifətlərə malik olan insanlar Allahın həqiqi övliyalarıdırlar. Bəzi insanlar isə onların Allah yanında üstün olmalarını zənn edib, onların vasitəsilə Allaha yaxınlaşır və ya birbaşa onlardan istəməklə haqq yoldan uzaqlaşaraq zəlalətə düşürlər.
Həmçinin aldadılma nəticəsində belə səhv düşüncələr yaranıb ki, övliyalıq və seyyidlik nəsildən-nəsilə ötürülür və ya andangəlmə verilir. Buna görə də “özünü övliya zənn edənlərin” əksəriyyətinin əməllərinə baxsaq, nəinki Allahın əmrlərini edir, üstəlik ən böyük günları edirlər.
Qeyd: Allahdan başqası üçün “müqəddəs” anlayışı yoxdur. Övliyalardan, seyyidlərdən qorxmaq deyil, övliya və seyyidlərin də qoxduğu, qarşısında aciz olduğu Allahdan qorxmaq lazımdır.