Hansı hallarda qəbirlərin ziyarət edilməsi icazəlidir?

    18.02.2023

Peyğəmbərin ﷺ izn verdiyi qəbir ziyarəti iki məqsədlə edilir:

1. Dünyaya könül bağlamamaq, axirəti və ölümü xatırlamaq üçün. Bu da insanın imanını möhkəmləndirir, onun yəqinliyini və Allaha olan bağlılığını daha da artırır, üstəlik onu Allahdan üz çevirməkdən və qafil olmaqdan qoruyur.
Peyğəmbər ﷺ demişdir: “Mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim, indi isə onları ziyarət edin, çünki bu qəlbləri yumşaldır (digər rəvayətdə: çünki bunda ibrət vardır), gözləri yaşardır və axirəti yada salır (ölümü xatırladır). Lakin orada artıq-əskik söz danışmayın”. (əl-Hakim, 1/532)

2. Ölülər üçün dua etmək, Allahdan onlar üçün rəhmət, bağışlanma və əfv diləməklə ölülərə yaxşılıq etmək. Peyğəmbər ﷺ ölənin dəfnini qurtardıqdan sonra onun yanında durub deyərdi: “Qardaşınız üçün bağışlanma diləyin və dua edin ki, o sabitqədəm olsun, çünki bu an o sorğu sual edilməkdədir”. (Əbu Davud, 3221)

Müsəlman qəbiristanlığı ziyarət etdikdə Allaha bütün ölənlər, xüsusi ilə öz qohumları üçün dua edir. O, bununla onlar üçün yaxşılıq edir, onlar üçün günahlarının əfv edilməsini, bağışlanmasını istəyir və rəhmət diləyir. Eyni zamanda müsəlman özü üçün də yaxşılıq edir, gələcək həyatı haqda düşünür və bundan ibrətlər götürür. Çünki, insanların dünya işlərinə başları qarışdığından (kimisi var-dövlət dalıyca qaçır, kimisi şan-şöhrət, kimisi vəzifə və s.) Allahı unudurlar. Allah, yalnız xəstəlik və ölüm anlarında yadlarına düşür. Buna görə də qəbirləri ziyarət etmək insana ölümü, axirəti xatırladır. Ağıllı insan bir az da olsa düşünür ki, bu gün mən kimisə çiynimdə daşı­yaraq qəbir evinə yola salıram, sabah isə məni kimsə çiynində daşıyacaq. Buna görə də ziyərət edən Peyğəm­bərin ﷺ yoluna tabe olmalı və əmr ediləndən kənara çıxmamalıdır. Özünə və ölən kimsəyə yaxşılıq etdiyini düşünərək bu sərhəddi keçməməlidir.