Gözmuncuğu, üzərlik kimi şeylərdən kömək gözləmək

    18.02.2023

İnsanların öz əlləri ilə düzəldib hazırladığı, yonduğu əşyalardan (göz-muncuğu, talisman, büt, üzük, at nalı və s.) və bu əşyaları, muncuqları, kəndirləri haradansa asaraq bərəkət, şəfa, ruzi, olacaq hadisələrdən qorunmaq, bəladan qurtulmaq və ya mane olmaq, bəlanın qarşısını almaq üçün üzərlərində gəzdirmək və ya üzərlik yandırmaq, başdan duz səpələmək, at nalı, dağdağan ağacı, bayquşun ulaması, itin hürməsi, qara pişiyin kiminsə qabağından keçməsi, nərdivanın altından və sabunlu suyun üstündən keçmək, çərşənbə axşamı işə başlamaq, yaxud yola çıxmaq, gecə vaxtı güzgüyə baxmaq və ya dırnaq tutmamaq, kəbinləri kəsilən ər-arvadın axşam vaxtı çölə çıxması, iki bacının eyni ildə kəbinlərinin kəsilməsi, nəhs gətirmək, sınaq eləmək, rəqəmlər və ya bürclərlə hərəkət eləmək və bir çox bunlara bənzər əməllərdə uğursuzluğun olduğuna, düşər-düşməzliyə inanmaq və s. bu kimi məsələlər xurafat və uğursuzluq kimi əsassız və səhv inanclardan meydana gəlmişdir.

İslamda isə uğursuzluq inancı yoxdur, çünki hər bir işdə uğur və müvəffəqiyyət Uca Allahın əlindədir. İnsan yalnız Uca Allaha bel bağlamalı və Uca Allaha arxayın olmalıdır. Bu cür inanclar, tamamilə insanların güman və lazımsız yerə xoflanmağından irəli gəlir. Uca Allah buyurur:
“Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki onlar (dua  etdikləri şeylər) onların yalvarışından xəbərsizdirlər” (əl-Əhqaf, 5);
”Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağış­layandır, Rəhmlidir”. (Yunus, 107);
“Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər!” (əl-Ənkəbut, 41).
Gücünə inandığımız əşyaralardan birini, şüşə parçası olan gözmuncuğunu misal gətirək. Təsəvvür edin, gözmuncuğunu yerə atıb tapdalayıb sındırsan, özünü qoruya biləcəkmi!? Sözsüz ki, yox. Bəs başqasını necə qorusun?

Əbu Vaqid Leysinin  adlı səhabə belə rəvayət edir:  “Allahın elçisi ﷺ ilə birlikdə Huneynə yola düşdük. O zaman biz bir az qabaq küfrdən imtina edib, İslamı yenicə qəbul etmiş müsəlmanlar idik. Müşriklərin isə “Zatu Ənvat” (“asılqanı alan”) adlandır­dıq­ları bir sidr ağacı var idi ki, öz silahlarını ondan asaraq dini ayinləri icra etmək üçün ətrafına yığışırdılar. Biz bir sidr ağacının yanından keçəndə dedik: “Ey Allahın elçisi! Onlarda olan “Zatu Ənvat” kimi, bizim üçün də “Zatu Ənvat” et”. Allahın elçisi ﷺ dedi: “Allahu əkbər! Bunların hamısı keçmişin adət-ənənəsidir. Canım əlində olan Allaha and olsun ki, siz də İsrail oğullarının Musadan istədiyini deyirsiniz: “Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt” (Musa belə) cavab verdi: “Siz, doğrudan da cahil bir tayfasınız” (əl-Əraf, 138). Siz də özünüzdən əvvəlkilərin adətlərinə riayət edirsiniz!” (ət-Tirmizi, 2180, 2335)

Uca Allah buyurur:
“Agah olun ki, onların başına gələn bu uğursuzluq Allahdandır, lakin onların əksə­riyyəti bunu bilməz” (əl-Əraf, 131).
İbn Abbas  bu ayə haqda buyurmuşdur: ”Onlar Allahın onlar üçün yazdığı qədəri pis əlamətin nəticəsi hesab edirlər”. (ət-Tabəri, 14497)

Uca Allah buyurur:
“Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar işərisində olsanız belə, ölüm sizi haqlayacaq. Onlara bir xeyir yetişdikdə: “Bu Allahdan­dır!” deyərlər, bir pislik üz verdikdə isə: ”Bu səndən­dir!”– söyləyərlər (Onlara) de: “Hamısı Allah tərəfin­dəndir”. Bu camaata nə olub ki, az qala söz də anlamır! Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər” (ən-Nisa, 78-79);
“Dedilər: “Sizin nəhsliyiniz öz ucbatınızdandır. Məgər sizə öyüd-nəsihət edildikdə (nəhsliyəmi yozursunuz)?” Xeyr, siz həddi aşan bir camaatsınız!” (Yasin, 19).

Müəyyən uğursuz saymağın qadağan olmasına aid bir çox səhih hədis var.

Ənəs  rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allahın izni olmadan yoluxucu xəstəlik heç kimə keçə bilməz...”. (əl-Buxari, Tibb kitabı, 19)
Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Quş uçuran və onun üçün quş uçurulmasını istəyən, kahin­lik edən və etdirən, cadu edən və etdirən bizdən deyildir”. (ət-Tabərani “Mucəmul-Kəbir” 14770)

Rəvayət edilir ki, Abdullah ibn Amr  demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bir işdən ötrü (bir işin uğurlu olub-olmamasını yoxlamaq üçün) quş uçur­darsa, şirk etmış olar”. (Cahiliyyə dövründə ərəblər səfərə çıxmaq istədikdə onun uğurlu və ya uğursuz olacağını bilmək üçün göyə quş uçurdardılar. Onlar fikirləşirdilər ki, quş sağ tərəfə uçsa səfər uğurlu, sol tərəfə uçsa uğursuz olacaq. Belə ki, onlar səfərin uğurlu və ya uğursuz olacağını quşun sağ və ya sol tərəfə uçması ilə əlaqələn­di­rir­dilər.) Səhabələr dedilər: “Bunun kəffarəsi nədir?” O buyur­du: “Allahım! Sənin verdiyin xeyirdən başqa xeyir yoxdur, Sənin izninlə göydə uçan quşdan başqa heç bir quş yoxdur və Sən­dən başqa iba­dətə layiq məbud yoxdur!” (Bu dua digər hədislərdə yerləri dəyişik şəkildə rəvayət edilmişdir, lakin hamısının mənası eynidir. Əhməd, 7045)

Əbu Hureyra  rəvayət edir ki, Peyğəm­bər ﷺ buyurdu: “Nə xəstəliyə yoluxmaq, nə işin nəhs gətirməsi, nə bayqu­şun ulaması, nə Səfər ayının nəhs ay olması, ulduzların təsiri yoxdur, hər hansı bir şeyi uğusuzluq saymaq yoxdur, qulyə­bani də yoxdur və şər qüvvələr də yoxdur”. (əl-Buxari, 5757)

Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Nə yoluxucu xəs­təlik (Yəni xəstəlik bir adamdan başqa birisinə öz təsiri ilə yox, yalnız və yalnız Allahın izni ilə keçə bilər), nə bəd əlamət (İnsanların bəd əlamət və uğursuzluq hesab etdiyi bir hadisə nəticəsində Allahın əzəldən yazdığı qəzavü-qədərin dəyişəcəyini etiqad etmək qadağandır. Bütün bunlar cahiliyyə dövründən qalma batil fər­ziy­yələrdir), nə bayquş (uğursuzluğu)(bayquş görməyi bəd əlamət hesab etmək, onun qonduğu yerə və o ərazidə olanların başı­na müsibət gələcəyini iddia etmək qadağandır) və nə səfər (ayı) deyilən bir şey yoxdur. Bir də ki şirdən qaçdığın kimi cüzam xəstəliyinə tutulmuş adamdan qaç!” (əl-Buxari, 5271, 5707)

İbn Abbas  rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Astrologiya elmindən bir sahəni öyrənən sehrdən bir sahə öyrənmiş olur. Artırdıqca, o da artar”.(Əbu Davud, 3907)

Uca Allah Qurani-Kərimdə buyurur:
“...De: “Elə isə bir deyin gö­rək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allah­dan başqa ibadət et­dikləriniz Onun zə­rərini ara­dan qaldıra bi­lər­lər­mi?! Yaxud, əgər Allah mə­nə bir mərhəmət göstərmək is­tə­sə, onlar Onun mər­həməti­nin qar­şısını ala bilərlərmi?” (əz‐Zumər, 38).

Uqbə ibn Amir əl-Cuhəni  rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “...Kim tilsim asarsa, artıq Allaha şərik qoşmuş olur”. (Əhməd, 17405, 17458, 17558)

Abdullah ibn Ukeym  rəvayət edir ki, Peyğəmbər ﷺ buyurmuşdur: “Kim boy­nun­dan nə assa, ona təvəkkül etmiş olar”. (Əhməd, 18803, 18876, 18988)

Rəvayət edilir ki, Abdulla ibn Məsud  demişdir: “Mən Peyğəmbərin ﷺ belə buyur­duğunu eşitdim: “Həqiqətən, (şəriətlə olma­yan) ovsun, göz muncuğu və sehr Allaha şərik qoşmaqdır”. (Əbu Davud, 3885)

“Tilsim” bəd nəzərdən qorunmaq üçün uşaqların boyun­larından asılan şeydir.
“Ovsun” tilsimin növlərindən biridir. İcazə verilən ovsun Quran ayələri və səhih hədislərdə rəvayət olunan dua­lardır.
“Sehr” və “cadu” isə falçılara təlqin edilən şeytan əməl­lərindəndir. Bundan əsasən qadın və kişi arasında olan münasibətlərə təsir etmək, həmçinin insan həyatını əhatə edən digər sahələrə müdaxilə etmək üçün falçılar tərəfindən istifadə edilir.

Bu ayə və hədislər göstərir ki...
Hər hansı bir şeyin uğursuz olmasına inanan, qəlbləri rahatlıq və zərərdən yaxa qurtarmaq ümidi ilə Allahdan başqa nəyəsə bağlananlar, Allahın xeyir və zərər vermə­sini inkar edərək böyük şirk edirlər. Allah mövhu­matçılığı haram buyurub və pis əlamətlərə inananları qınayır. O, gözəl əlamətləri sevir və bəd əlamətlərlə, bidətlərə (yeniliklərə) nifrət edir. Bu iki anlayış arasında xeyli fərq var, xoş əlamət insanın əqidəsinə və şüuruna təsir etmir, həmçinin onun ürəyini Allahdan başqa heç nəyə bağlamır. Əksinə insanın fəallığını, onun nikbinliyini artırır və xeyirli işlər görməyə sövq edir. Bunun mahiyyəti ondadır ki, bəndə səfərə hazırlaşdıqda, nigah etdikdə, hansısa vacib saziş imzaladıqda və ya vacib bir iş gördükdə “xeyirxah, firavan, uğurlu” kimi şən sözlər eşitdikdə, belə əlamətləri görüb sevinir. Bundan sonra insan nikbinlik əldə edir və onun istədiyini etmək cəhdi güclənir. Bunda və bunun nəticələrində xeyir var və heç bir təhlükə yoxdur.

 

Bəd əlamətə inanmağın fəsadlarından

Yönəlməsi yalnız Uca Yaradana aid olmalı təvəkküldən uzaqlaşdırması.
Bəzən insan din və ya dünya üçün nəsə bir iş görməyə hazırlaşır, ancaq elə bir şey görür və ya eşidir ki, ürəyində iki mümkün olan nəticələrdən biri qalır və onların biri digərindən vacibdir:  

1. İnsan bəd əlamət gördükdə etmək fikrində olduğu işdən imtina edir və ya hansısa işdən dönür. Deməli, bu insanın ürəyi bu haram əmələ möhkəm bağlanıb, öz iradəsini və cəsarətini ona tabe edərək onun ardınca gedir. Şübhəsiz bu, onun Allaha inamına, Ona təvəkkül etmə­yinə təsir edəcək. İnsan əsl niyyətindən imtina etməyə, mövcud olmayana müraciət etməyə başlayır, onun ürəyinin Allahla sıx əlaqəsi kəsilir. Bu, Allaha təvəkkülün ziddidir. Bu cür uydurmalar da həmçinin insan şüuruna zərərli təsir göstərir.

2. İnsan bununla, razılaşmaya bilər, ancaq bu, onun ürəyini qəmləndirir, kədər və narahatlıq hissi oyadır. O, birinci yol ilə getməsə də, bu onun Allaha təvəkkülünü zəiflədərək, ürəyini gücdən salaraq, yenə də ona zərər və pislik gətirəcək. İnsan qeyd edilən duruma düşənə qədər günah onu bürüyə bilər və o, bunun həqiqət olduğunu düşünər.
Şirk insanı başqa varlıqların köləsi halına gətirir və iradəsindən istifadə etməməyi təlqin edir. Beləcə Allaha qul olmaq əvəzinə başqa varlıqlara köləliyə başlıyır. Buna görə də şirk bir məhkumluqdur.