Nəticə

    18.02.2023

Mömin kəs ibadətləri qullardan hər hansı birinə deyil, yalnız Allaha xas etməli, Allaha məxsus olan isim və sifətləri qullara məxsus etməməlidir. Mömin yalnız Allaha ibadət edər, Allahdan başqası üçün əsla namaz qılmaz, səcdə etməz, yalvarıb-yaxarmaz, Allahdan başqasına and içməz, nəzir verməz və Allahdan başqasına təvəkkül etməz.
Allahı ibadət ilə sevən, qorxu və ümüd ilə Allahın razılığını qazanmaq üçün çalışar. Allahın qadağalarından, Allahın qəzəblənəcəyi şeylərdən qaçar, Peyğəmbəri ﷺ sevən isə onun yolu (sünnəsi) ilə yaşayar, yolu ilə əməl edər, onun dediklərini edər, dində yenilik etməz. Allah və Onun Rəsuluna ﷺ olan sevgi hər şeydən irəlidə dayanmalıdır.

Uca Allah buyurur:
“Kim Rəbbi ilə qarşılaşacağına (Qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!” (əl-Kəhf, 18);
“Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır! Biz ayələri ağılla düşünən bir qövm üçün belə ətraflı izah edirik”. (ər-Rum, 21-28);
“İman gətirib, imanlarını zülmlə qarışdırma­yanlar əmin-amanlıq­dadır­lar. Haqq yola yönəlmişlər də onlardır”. (əl-Ənam, 82).

Ona görə də hər bir müsəlman Qurani-Kərimi oxumalı, Peyğəmbərin ﷺ həyatını öyrənməli, onun nəyə dəvət etdiyini və nəyi qadağan etdiyini bilməli, sonradan uydurulmuş yenilik­lərdən çəkinməlidir.
“De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Ali İmran, 31).
Peyğəmbər ﷺ buyurmuşdur: ”Sizə nəyi qadağan edirəmsə ondan uzaq durun, nəyi əmr etmişəmsə ondan bacardığınız qədər istifadə edin. Şübhə yoxdur ki, sizdən əvvəlki ümmətləri çoxlu sual vermələri və peyğəmbər­lərinə müxalif olmaları məhv etdi”. (əl-Buxari, Muslim)

Həmçinin Peyğəmbər ﷺ buyurmuşdur: “Rəbb olaraq Allahdan, din olaraq İslamdan və Rəsul olaraq Muhəmməddən razı olan kimsə imanın şirinliyini, tamını tapar”. (Muslim, 34)

Allahdan istəyirik ki, müsəlmanları şirkin və haram­ların pisliyindən təmizləsin və hamımızı doğru yola yönəltsin. Amin!