İstixarə namazını qıldıqdan sonra yuxuda sevdiyim insanı gördüm, bu nəyə işarədir?
Aleykum salam. Bəzi insanlar istixarə namazının mahiyyətini anlamır və istixarəyə sanki fala baxdırmaq kimi baxırlar. İstixarə ibadət növüdür. İstixarə Allahdan xeyir diləməkdir. Bir işdən ötrü istixarə edən iki rükət namaz qılır və Allahın həmin işin xeyir olduğunu bildiyi təqdirdə onu həyata keçirməyi və onun üçün xeyirli olmasını Allahdan diləyir. Bunu etdikdən sonra bu sahədə bilikli, təcrübəli insanlarla məsləhətləşmək və həmin işi yerinə yetirməyə çalışmaq lazımdır. Əgər o iş alınmazsa, bilmək lazımdır ki, Uca Allah onu xeyir bilməmişdir. İstixarə etdikdən sonra Allahdan hər hansı bir yuxu və ya bir işarə gözləmək dinimizdə buyurulmamışdır.
Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləlahu aleyhi və səlləm) Qurandakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədib deyərdi: "Sizdən biriniz bir işə başlamaq istədikdə fərz namazlarından əlavə iki rükət namaz qılsın və desin: "Allahummə inni əstəxirukə bi ilmikə, va əstəqdirukə bi qudratikə, va əs'əlukə min fadlikə-l-azim, fə innəkə təqdiru va lə əqdir, va tə'ləmu va lə a'ləm, va əntə alləmu-l-ğuyuub. Allahummə in kuntə tə'ləmu ənnə həzə-l-əmra xayrun li fi dini va məaşi va aqibəti əmri, acilihi va əəcilihi – fəq'durhu li va yəssirhu li, summə b'ərik li fihi. Va in kuntə tə'ləmu ənnə həzə-l-əmra şərrun li fi dini va məaşi va aqibəti əmri, acilihi va əəcilihi – fa-s'rifhu anni, va-s-rifni anhu, va-q-dur liyə-l-xayra heysu kənə, summə ərdıni bihi".
"Allahım! Səndən Öz elminlə mənə kömək etməyi və Öz qüdrətinlə mənə qüdrət verməyi diləyirəm. Səndən, Sənin böyük lütfünü diləyirəm. Sənin (hər şeyə) qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Allahım! Bu işin (işin adını çəkir) mənim dinim, yaşayışım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – xeyirli olduğunu bilirsənsə onu mənə nəsib et, asanlaşdır, sonra da onu mənim üçün bərəkətli et. Bu işin mənim dinim, yaşayışım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – zərərli olduğunu bilirsənsə, onu məndən, məni də ondan uzaq et! Harada olsa, mənə xeyir nəsib et, sonra məni ondan razı sal!" (əl-Buxari, 7/162).