ət-Tövbə surəsi 71-ci ayənin açıqlaması nədir?
Və aleykum Salam. Bu ayə ümumidir. Qadınlar və kişilər şəriətin buyurduğu qaydada həm öz aralarında, həm də bir-birlərinə yaxşılığı əmr edib, pisliklərdən çəkindirə bilərlər. İbn Kəsir bu ayənin təfsirində deyir:
"Uca Allah əvvəlki ayələrdə münafiqlərin mənfur sifətlərini zikr etdikdən sonra ardınca dərhal möminlərin tərifəlayiq sifətlərini zikr edərək buyurur: “Mömin kişilərlə mömin qadınlar bir-birinin dostudur”, yəni onlar bir-birinə yardım edər, bir-birinə dayaq olarlar. Necə ki "Səhih" əsərində rəvayət edilən bir hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun): “Möminlər bir bina kimidir, bir-birini dəstəkləyirlər” – demiş və barmaqlarını bir-birinə keçirmişdir. (əl-Buxari, 459, 481; Muslim, 2585/65, 4684, 6750). Yenə "Səhih" əsərində rəvayət edilən başqa bir hədisdə belə buyurulur: “Sən möminlərin bir-birinə mərhəmət göstərməkdə, bir-birini sevməkdə və bir-birinə can yandırmaqda bir bədən kimi olduğunu görürsən. Belə ki, bədənin bir əzasına xəstəlik üz verdikdə bütün bədən yuxusuzluqdan və qızdırmadan əziyyət çəkir”. (əl-Buxari, 5552, 6011; Muslim, 2586/66, 4685, 6751).
Uca Allah buyurur: “Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərdən çəkindirir...”. Başqa bir ayədə Uca Allah belə buyurur: “Qoy içinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat olsun. Məhz onlar nicat tapanlardır” (“Ali-İmran”, 104).
Uca Allah buyurur: “...namaz qılır, zəkat verir...”, yəni namaz qılmaqla Allaha itaət edərlər, zəkat verməklə Allahın yaratdığı məxluqlara yaxşılıq edərlər. “Allaha və Onun Elçisinə itaət edirlər”, yəni Allahın əmrlərini yerinə yetirməklə, qadağalarından çəkinməklə Allaha və Onun Elçisinə itaət edərlər. “Allah onlara rəhm edəcəkdir”, yəni Allah bu sifətlərə sahib olanlara rəhm edəcəkdir. “Həqiqətən, Allah Qüdrətlidir”, yəni Ona itaət edəni ucaldar. Həqiqətən, izzət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur. “Hikmət sahibidir”, yəni sadalanan sifətləri bunlar arasında bölüşdürməkdə və əvvəl keçən münafiqlərə aid sifətləri onlara aid etməkdə hikmət sahibidir. Uca Allah bütün etdiklərində mütləq hikmət sahibidir".