Zülqərneyn kimdir?
Zülqərneyn qədim dövrün güclü hökmdarı olmuşdur. O, qəlbini Allaha bağlayan mömin bəndə idi. Uca Allah ona dərin elm və güclü hakimiyyət bəxş etmişdir. O, dünyanı məşriqdən məğribə qədər gəzib dolaşmış və yer üzünün bütün ölkələrini fəth etmişdir. Bəzi insanlar onun makedoniyalı İskəndər olduğunu deyirlər. Lakin bu doğru deyildir. Çünki İskəndər bütpərəst, Zülqərneyn isə tək Allaha ibadət edən müvəhhid idi.
Rəvayət edilir ki, bir gün Məkkə müşrikləri Peyğəmbəri - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yoxlamaq məqsədi ilə bir neçə adamı Kitab əhlinin (yəhudi və xristianların) yanına göndərib ona sual vermələrini istədilər. Onlar dedilər: "Ondan dünyanı gəzib dolaşan adam, nə edəcəklərini bilməyən gənclər (yəni əshabi-kəhf - Mağara əhli) və ruh haqqında soruşun". Bu səbəbə görə də əl-Kəhf surəsi nazil oldu. Uca Allah əl-Kəhf surəsində iman gətirməyənlərə cavab olaraq Zülqərneyn haqqında belə buyurur:
“Səndən Zülqərneyn barəsində soruşurlar. De: "Onun barəsində sizə bir əhvalat danışacağam". Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik. O, yer üzündə gəzib dolaşmaq üçün səfərə çıxdı. Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. Zülqərneyn onun yanında bir tayfaya rast gəldi.
Biz buyurduq: "Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!"
O dedi: "Haqsızlıq edəni cəzalandıracağıq. Sonra o, Rəbbinə qaytarılacaqdır. O da ona ağır bir əzab verəcəkdir! İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq".
Sonra o, yoluna davam etdi. Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün günəşə qarşı heç bir örtük yaratmamışdıq. Bax belə! Biz onun başına gələnlərin hamısından xəbərdarıq.
Sonra o, yenə yoluna davam etdi. Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan bir tayfaya rast gəldi.
Onlar dedilər: "Ey Zülqərneyn! Yəcuc və Məcuc tayfaları yer üzündə fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?"
O dedi: "Rəbbimin mənə əta etdiyi mülk daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim. Mənə dəmir parçaları gətirin!" Nəhayət, dağın iki yamacı arasını dəmir parçaları ilə doldurduqda: "Körükləyin!"– dedi. Dəmir közərən kimi: "Gətirin mənə, onun üstünə ərimiş mis töküm!"– dedi. Yəcuc və Məcuc tayfaları nə səddin üstünə çıxa bildilər, nə də onu dəlib keçə bildilər.
Zülqərneyn dedi: "Bu, Rəbbimdən olan bir mərhəmətdir. Rəbbimin vədi gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir".
O gün Yəcuc və Məcuc tayfalarını axışıb bir-birinə qarışmış halda buraxarıq. Sur üfürülən kimi məxluqatın hamısını bir yerə toplayarıq" (əl-Kəhf, 83-99)