Allahın 99 adını ardıcıllıqla yaza bilərsinizmi?
Və aleykum Salam. Bir hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Allahın doxsan doqquz – yüzdən bir əskik – adı var. Kim onları sadalasa, Cənnətə daxil olar. Allah təkdir, (əməllərdə və ibadətlərdə) təki sevir”. (Buxari, 2736, Muslim, 2677). Eyni hədisi ət-Tirmizi də rəvayət etmiş və "təki sevir" hissəsindən sonra bu əlavəni etmişdir: “O Allahdır, Ondan başqa ibadətə layiq məbud yoxdur. O, ər-Rahmən, ər-Rahim, əl-Məlik, əl-Quddus, əs-Sələm, əl-Mumin, əl-Muheymin, əl-Əziz, əl-Cəbbər, əl-Mutəkəbbir, əl-Xaliq, əl-Bəri, əl-Musavvir, əl-Ğaffər, əl-Qahhər, əl-Vəhhəb, ər-Razzəq, əl-Fəttəh, əl-Alim, əl-Qabid, əl-Bəsit, əl-Xafid, ər-Rafi, əl-Muizz, əl-Muzill, əs-Səmi, əl-Bəsir, əl-Həkəm, əl-Ədl, əl-Lətif, əl-Xabir, əl-Həlim, əl-Əzim, əl-Ğafur, əş-Şəkur, əl-Aliyy, əl-Kəbir, əl-Həfiz, əl-Muqit, əl-Həsib, əl-Cəlil, əl-Kərim, ər-Raqib, əl-Mucib, əl-Vasi, əl-Həkim, əl-Vədud, əl-Məcid, əl-Bəis, əş-Şəhid, əl-Həqq, əl-Vəkil, əl-Qaviyy, əl-Mətin, əl-Vəli, əl-Həmid, əl-Muhsi, əl-Mubdi, əl-Muid, əl-Muhyi, əl-Mumit, əl-Həyy, əl-Qayyum, əl-Vacid, əl-Məcid, əl-Vahid, əl-Əhəd, əl-Fərd, əs-Saməd, əl-Qadir, əl-Muqtədir, əl-Muqaddim, əl-Muəxxir, əl-Əvvəl, əl-Axir, əz-Zahir, əl-Batin, əl-Vali, əl-Mutəali, əl-Bərr, ət-Təvvəb, əl-Muntəqim, əl-Afuvv, ər-Rauf, Məlikul-Mulk, Zul-Cələli vəl-İkram, əl-Muqsit, əl-Cəmi, əl-Ğani, əl-Muğni, əl-Mani, əd-Darr, ən-Nafi, ən-Nur, əl-Hədi, əl-Bədi, əl-Bəqi, əl-Varis, ər-Raşid və əs-Saburdur”. (ət-Tirmizi, 3507, 3849; Əbu Nueym, 10/380). Lakin ət-Tirmizi hədisi rəvayət etdikdən sonra belə demişdir: "Bu, "ğarib" hədisdir. Hədis başqa yollarla Əbu Hureyradan rəvayət edilmişdir. Bu hədis istisna olmaqla digər rəvayətlərin çoxunda Allahın adlarının zikr edildiyini bilmirik”. Hədis alimlərinin bir çoxuna görə bu hədisdə Allahın adlarının zikr edilməsi hədisi rəvayət edən ravilərin biri tərəfindən olunan əlavədir. Həmçinin bildirmişlər ki, Uca Allahın adları 99-dan çoxdur. Hədisdə 99 sayının qeyd edilməsi Uca Allahın yalnız 99 adının olmasını deyil, bu sayda adı bilməyin Cənnətə girmək üçün kifayət olmasını göstərir. İbn Kəsir (Allah ona rəhmət etsin) Uca Allahın "Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar" ayəsinin təfsirində yuxarıda qeyd etdiyimiz hədisi rəvayət etdikdən sonra belə demişdir:
"Həmçinin bildirmək lazımdır ki, Allahın adları hədisdə qeyd olunduğu kimi, yalnız doxsan doqquz addan ibarət deyil. Dəlil olaraq Abdullah ibn Məsudun Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) etdiyi rəvayətdir: "Üzüntü və kədərə dücar olub dua edərək: “Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Kəkilim (məni idarə etmək) Sənin əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özunü adlandırdığın və ya Kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin, yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özunə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi (ücün səbəb) et!” (Alla:hummə, inni: abdukə, ibnu abdikə, ibnu əmətikə, nə:sıyəti: biyədikə, mə:din fiyyə hukmukə, adlun fiyyə qada:ukə, əs'əlukə bikullismin huvə ləkə, səmmeytə bihi nəfsəkə, əu ənzəltəhu fi: kitə:bikə, əu alləmtəhu əhədən min xalqikə, əu istə'sərtə bihi fi: ilmil-ğaybi indəkə, ən təc'aləl-Qur'ə:nə rabi:a qalbi:, va nu:ra sadri:, va cələ:ə huzni:, va zəhə:bə həmmi:)– deyən elə bir bəndə yoxdur ki, Uca Allah onun üzüntüsünü aparmasın və kədərini sevinclə əvəz etməsin”. Səhabələr dedilər: “Ey Allahın Elcisi, biz bu sözləri öyrənməliyikmi?” O buyurdu: “Bəli, bunları eşidən öyrənməlidir”. (Əhməd, 4318). Həmçinin oxuyun: