Kim Onun adlarını sayarsa, Cənnətə girər

    07.01.2014

İman gətirmədən əməl etmək və dəlil-sübutsuz iman gətirmək düzgün sayılmaz. Dəlil-sübutsuz iman gətirənin misalı zülmət qaranlıqda əlində çıraq tutaraq yol gedən və az müddətdən sonra çırağı sönən kimsənin misalına bənzəyir. Allah insana şüur verərək onu bütün məxluqlardan üstün etmişdir. İnsan şüur vasitəsilə kainatın sirlərini öyrənir, kainatı idarə edəni, onun sahibini tanımağa, eləcə də Ona iman gətirməyə müvəffəq olur. Allahı tanımaq biliklərin ən üstünüdür. Bu biliyə İslam dininin iki mənbəyi - Allahın kitabı Qurani-Kərim və Muhəmməd peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - səhih hədisləri vasitəsilə yiyələnmək olar. Uca Allah tək varlıqdır. Onun heç bir tayı-bərabəri və bənzəri yoxdur. Allahın elçisi demişdir: “Allahın yüzdən biri əskik - doxsan doqquz adı vardır. O, Təkdir və tək olanı sevir. Kim Onun adlarını sayarsa, Cənnətə girər.” Hədisdəki "Kim Onun adlarını sayarsa, Cənnətə girər" ifadəsi o deməkdir ki, kim Allahın adlarını söyləyər, onları yadda saxlayar və mənalarını öyrənərsə, Cənnətə girər. Uca Allah buyurur: "Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar". (əl-Əraf, 180).
Bu adlardan bəziləri:
Allah (ibadətə layiq olan tək tanrı) Bu, Onun tanrılığına işarə edən ən əzəmətli adıdır. Bu ad Onun bütün uca sifətlərini və gözəl adlarını özündə birləşdirir və qula böyük sevinc – Onu ilahiləşdirməyi və məhəbbəti gətirir. Qul muti olaraq Onun qarşısında durur, yalnız Ondan qorxur, yalnız Ona ümid bağlayır və yalnız Ona təvəkkül edir. Çünki, haqq olan yalnız Odur, Ondan başqa hər şey yalandır.
ər-Rahmən (mərhəmətli) Rəbbimiz bütün məxluqlarına qarşı mərhəmətlidir. Onun mərhəməti kamildir; ona layiq olanları da, layiq olmayanları da əhatə edən mərhəmətdir. Bu, Onun bizə olan böyük lütfüdür.
ər-Rahim (rəhm edən) Bu ad Rəbbimizin möminlərə olan xüsusi mərhəmətidir. O, möminlərə böyük mərhəmət göstərmişdir: birincisi, onları yaratdıqda; ikincisi, onları doğru yola yönəltdikdə və onlara iman bəxş etdikdə; üçüncüsü, Axirətdə onları səadətə qovuşdurduqda. Bu iki adla Allahı tanıyan günahkarları Allahın qəzəbindən və cəzasından xilas etmək və Onun mərhəmətinə qovuşdurmaq üçün çalışar. Allah mərhəmətlidir, rəhm edəndir. Onun mərhəməti hər şeyi əhatə edir və Onun qəzəbini üstələyir. O öz mərhəmətli qullarını sevir, buna görə də O, möminlərə mərhəmətli olmağı buyurmuşdur.
əl-Məlik (hökmdar) O, varlıdır və məxluqların hamısı Ona möhtacdır və Onun hakimiyyəti altındadır. O isə heç bir kəsə möhtac deyildir. Allah mütləq hökmdardır, Onun heç bir şəriki yoxdur. Onun mülkündə olan heç bir kəs Ona göstəriş verə bilməz. O heç kəsdən kömək istəmir. O, mülkündən istədiyi kəsə istədiyini lütf edir. O istədiyini edir, istədiyini yaradır, istədiyinə bəxş edir, istədiyini də məhrum edir. Uca Allahın bu adını tanıyan öz ruhuna və bədəninə hakim olar, ehtirasın, qəzəbin və nəfsin ona hakim olmasına izn verməz; dilini, gözünü və bütün bədənini öz həqiqi hökmdarının rizasına tabe edər.
əl-Quddus (Müqəddəs) O, bütün nöqsanlardan uzaqdır. Bu adı tanıyan özünü yanlış təsəvvürlərdən, şübhələrdən, eləcə də kin-küdurət, nifrət, paxıllıq, təkəbbürlük, riya, Allaha şərik qoşmaq və xəsislik kimi xəstəlikərdən təmizləyər.
əl-Mumin (əmin-amanlıq bəxş edən) O, əmin-amanlığa nail olmağın vasitələrini, qorxunun və zərərin qarşısını almağın yollarını göstərir. Əmin-amanlıq və dinclik yalnız Onun mərhəməti sayəsində yaranır. Xoşbəxt yaşamaq üçün O bizə duyğu orqanları bəxş etmiş, bizə nicat tapmağın yolunu göstərmiş, sağlamlıq əldə etməyimiz üçün bizə dava-dərman, yaşamağımız üçün ruzi-bərəkət bəxş etmişdir. Bizim Onu tanımağımız və iman gətirməyimiz də Onun mərhəməti sayəsində olmuşdur. Bu adı tanıyan bəndə yalnız Onun yardımına və qorumasına ümid bəsləyər.
əl-Muheymin (qoruyan) O, hər bir məxluqunu qoruyur və idarə edir. Allahın bu adını tanıyan müti olaraq Ona asi olmaz.
əl-Cabbar, əl-Qahir, əl-Qahhar (hökmü altına alan) Bütün məxluqlar tamamilə Onun iradəsinə tabedir və Onun hakimiyyəti altındadır.
əl-Mutəkəbbir (məğrur) O özünə və məxluqlarına qarşı təkəbbürlük edənləri məhv edir. Bu adı tanıyan Allahın yaratdıqlarına qarşı qəddar və təkəbbürlü olmaz. Çünki, qəddarlıq zülm və haqsızlıq, təkəbbürlük isə özünü yüksək tutmaq, başqalarına alçaq nəzərlə baxmaq və onların haqqına təcavüz etməkdir.
əl-Xaliq, əl-Xalləq, əl-Bəri` (yaradan) O, bütün məxluqlarının qədərini hələ var olmadan əvvəl təqdir etmiş və yaşamaq üçün onlara xüsusiyyətlər vermişdir. O, hər şeyi yoxdan yaradandır. Yaratmaq istədikdə Ona səy göstərmək lazım gəlməz, O sadəcə: “Ol!” deyər, o da var olar. Uca Allahın bu adını tanıyan Ondan başqa heç kəsə ibadət etməz, yalnız Ona üz tutar, yalnız Ondan yardım diləyər və ehtiyac duyduğu şeyləri yalnız Ondan istəyər.
əl-Musəvvir (Surət verən) O, hər bir şeyə ən gözəl surət vermişdir. Uca Allah buyurur: "O, Özündən başqa heç bir tanrı olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir. O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır. O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir" (əl-Həşr, 22-24).

Paylaş: