Arzu namazı nə deməkdir?
Aleykum salam. İslamda arzu, hacət, dilək, istək namazı, "istixarə" namazı kimi tanınır. Bu namazı hər bir şəxs ehtiyac anında qıla bilər.
İstixarə – Allah Təaladan uğur və kömək diləmək deməkdir. Cabir ibn Abdullah (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Qurandakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədər və deyərdi: Sizdən biriniz hər hansı bir iş görmək istədikdə iki rükət namaz qılsın və desin: "Allahummə inni əstəxirukə bi ilmikə və əstəqdirukə bi qudratikə və əsəlukə min fadlikəl-azim. Fə innəkə təqdiru və lə əqdiru və tə'ləmu və lə ə'ləmu və əntə alləmu-=l-ğuyub. Allahummə in kuntə tə'ləmu ənnə həzəl-əmra xayrun li fi diyni və məaşi və aqibəti əmri fəq-durhu li və yəssirhu li summə barik li fih. Və in kuntə tə'ləmu ənnə həzə-l-əmra şərrun li fi diyni və məaşi və aqibəti əmri fəs-rifhu anni vəs-rifni anhu vəq-dur liyə-l-xeyra heysu kənə summə ərdini bih".
Duanın mənası: "Allahım, Öz elminlə mənə kömək etməyini və Öz qüdrətinlə məni qüdrətləndirməyini yalnız Səndən diləyirəm və Sənin lütf və mərhəmətindən istəyirəm! Həqiqətən Sən mənim qadir olmadığım hər şeyə qadirsən, mənim bilmədiyim hər şeyi bilirsən və Sən qeybləri bilənsən! Allahım, bu iş mənim dinim, yaşayışım və aqibətim üçün xeyirlidirsə onu mənim üçün qabaqcadan müəyyən edilmiş et və bu işi mənim üçün asnlaşdır və bərəkətli et! Bu iş mənim dinim, yaşayışım və aqibətim üçün zərərlidirsə (şər və təhlükə varsa) onu məndən məni də ondan uzaq et! İstədiyin qədər mənə xeyir nəsib et və Öz müqəddəratınla (qəzavü-qədərinlə) məni məmnun et!"