"Allaha ən sevimli namaz Davudun qıldığı namaz, ən sevimli oruc isə Davudun tutduğu orucdur..." hədisinin açıqlaması
Və aleykum Salam. Abdullah ibn Amr ibn əl-As (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona demişdir: "Allaha ən sevimli namaz Davudun qıldığı namaz, ən sevimli oruc isə Davudun tutduğu orucdur. Davud gecənin yarısını yatar, sonra qalxıb onun üçdə birini namaz qılar, sonra da yerdə qalan altıda birini yatardı. Orucu da günaşırı tutardı". (əl-Buxari, 1131; Muslim, 2731).
Dİslam alimləri bu hədisi şərh edərək demişlər: "Hesablamaq istəyən İşa namazından Sübh namazına qədər olan vaxtı hesablasın. Davud (ona salam olsun) gecənin yarısına qədər yatardı. Sonra durub gecənin üçdə birini namaz qılardı, yerdə qalan altıda bir hissəni yatardı". Məsələn tutaq ki İşa namazından Sübh namazına qədər olan vaxt 6 saatdır. Bu vaxtın yarısı 3 saat edir. Yerdə qalan 3 saatın 2 saatı ümumi vaxtın (6 saatın) üçdə biridir. Sonda yerdə qalan 1 saat isə ümumi vaxtın altıda biridir. Demək əgər gecənin ümumi vaxtını 6 saat götürsək, bu vaxtın 3 saatını yatıb 2 saatını namaz qılan, son 1 saatını isə yatan Davud peyğəmbərin əməlinə bənzətmiş olur.