Bahalı telefon nömrələri və ya maşın qeydiyyat nişanı almaq israf sayılırmı?
Və aleykum Salam. Hər bir müsəlman bilməlidir ki, Uca Allah malı israf etməyi qadağan etmişdir. Uca Allah israf etməyi pisləyərək buyurur: "Ey Adəm oğulları! Məscidlərə gedərkən gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir". (əl-Əraf, 31). Amr ibn əl-As (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "İsraf və təkəbbürlük qarışmadıqca yeyin, için, sədəqə verin və geyinin". (İbn Məcə, 9/385). Bahalı telefon nömrələri və maşın qeydiyyat nişanları almaq israf sayılır. Xüsusən dövrümüzdə kasıbçılıqdan əziyyət çəkən ailələr və xəstə müsəlmanlar olduğu bir dövrdə bu kimi şeylərə çox miqdarda pul xərcləmək israf sayılır. Uca Allah buyurur: "Lakin malını lazım olmayan yerə sərf etmə. Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur" (əl-İsra, 26-27).