Məkkə müşrikləri Rübubiyyət tövhidini qəbul edirdilərmi?
Əssələmu aleykum. Rübubiyyət tövhidi - Uca Allahı Onun feillərində təkləşdirməkdir. Uca Allahın tək yaradan, hər şeyi idarə edən, ruzi verən, dirildən, öldürən, yağış yağdıran və s. olduğunu etiqad etməkdir. Məkkə müşrikləri Rübubiyyət tövhidini naqis də olsa qəbul edirdilər. Uca Allah bu xüsusda buyurur: "Əgər sən onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. Onlar necə də haqdan döndərilirlər!" (əl-Ənkəbut, 61). Həmçinin buyurur: "Əgər sən onlardan: “Göydən yağış nazil edib onunla yeri quruduqdan sonra canlandıran kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. De: “Həmd, Allaha məxsusdur!” Lakin onların çoxu bunu başa düşmür" (əl-Ənkəbut, 63). Buna baxmayaraq onlar öldükdən sonra dirilməyi inkar edirdilər. Uca Allah buyurur: "Onlar Allaha möhkəm and içdilər ki: “Allah ölən bir kəsi diriltməyəcəkdir!” Xeyr! Allahın ölüləri diriltməsi Onun doğru vədinə görə olacaq, lakin insanların çoxu bunu bilmir" (ən-Nəhl, 38). Bu göstərir ki, onların Rübubiyyət tövhidi tam deyildi.
Məkkə müşriklərinin Allahla yanaşı bütlərə ibadət etmələri və onlardan ruzi, övlad və s. istəmələri bu bütlərin onlarla Allah arasında vasitəçi, şəfaətçi olduqlarını düşündüklərinə görə idi. Uca Allah bu xüsusda buyurur: "Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– deyirlər. Əlbəttə ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında Öz hökmünü verəcək. Şübhəsiz ki, Allah yalançı və kafir olan kimsəni doğru yola yönəltməz" (əz-Zumər, 3). Həmçinin buyurur: "Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır" (Yunus, 18). Həmçinin oxuyun: