Uluhiyyət və Rububiyyət nə deməkdir?
Salam aleykum. Tövhid - yalnız Allaha ibadət etmək və Ona heç bir şeyi şərik qoşmamağa deyilir. Alimlər tövhidi 3 qismə ayırıblar:
1. Rububiyyə tövhidi. Yalnız Allaha məxsus olan (yalnız Onun edə biləcəyi) əməllərdə Ona şərik qoşmamaq. Məsələn, yaratmaq, ruzi vermək, surət vermək və s. Uca Allah buyurur: "Neçə-neçə canlılar vardır ki, ruzisini (öz yanında) daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir. Əgər sən onlardan: "Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?" - deyə soruşsan, onlar mütləq: "Allahdır!" - deyəcəklər. Onlar necə də (haqdan) döndərilirlər! Allah Öz qullarından istədiyinin ruzisini bol edər, (istədiyininkini də )azaldar. Şübhəsiz ki, Allah hər şeyi bilir. Əgər sən onlardan: "Göydən yağış nazil edib onunla yeri quruduqdan sonra canlandıran kimdir?" - deyə soruşsan, onlar mütləq: "Allahdır!" - deyəcəklər. De: "Həmd olsun Allaha!" Lakin onların çoxu (bunu) başa düşmür". (əl-Ənkəbut, 60-63).
Tövhidin bu qismini ətrafımızdakı insanların əksəriyyəti qəbul etsə də, növbəti qismlərə əməl etməyənlər var.
2. Uluhiyyə tövhidi İbadətləri yalnız Uca Allaha etməkdir. Məsələn, dua etmək, qurban kəsmək, namaz, oruc və s.
"Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik". (əl-Fətihə, 5).
"Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə (Allahdan) qorxasınız". (əl-Bəqərə, 21).
"De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur!" (əl-Ənam, 162).
"Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: "Məndən başqa heç bir ilah yoxdur, Mənə ibadət edin!" - deyə vəhy etməyək". (əl-Ənbiyə, 25).
"Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur...". (əl-İsra, 23).
"Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allahla yanaşı başqa tanrıya ibadət etmə, yoxsa qınanmış və qovulmuş halda Cəhənnəmə atılarsan". (əl-İsra, 39).
"Allahdan başqa heç kəsə dua etməyin!" (əl-Cinn, 18).
"Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın!" (ən-Nisə, 36).
"Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım". (əz-Zəriyət, 56).
3. Ad və sifətlər tövhidi. Allahın, Quranda bizə bildirdiyi və Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) vəsf etdiyi ad və sifətlərini qəbul etmək. Bu zaman 4 qaydaya əməl olunmalıdır: Keyfiyyətinə varmamaq (necə olmasını təsəvvür etməmək, bu haqda düşünməmək), oxşatmamaq (məxluqlarla müqayisə etməmək), təhrif etməmək və inkar etməmək.
"O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir. O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, (haqqı) təsdiq edən, (hər şeyi) müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır. O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir". (əl-Həşr, 24).
"Onun bənzəri də yoxdur". (əl-İxləs, 4).
Bir gün bir nəfər İmam Şafiinin (rahiməhullahu) yanına gələrək ondan soruşur: "İstiva" (yəni Uca Allahın ərşə ucalması, yüksəlməsi) nədir? İmam Şafii belə cavab verir: "İstiva" məlumdur, keyfiyyəti məchuldur (necə olması bilinmir), ona iman etmək vacibdir, onu inkar etmək küfrdür, o haqda sual vermək isə bidətdir. (Yəni, dində olmayıb, sonradan meydana gələn yeniliklər)". Sonrada ona Uca Allahın bu aysəni oxuyur: "ər-Rahmən Ərşə ucaldı". (Ta Hə, 5). Həmçinin oxuyun:
Allahın ad və sifətlərinə iman gətirməyin qaydaları
Şirk nədir?
İslam və iman nədir?