Allahın ad və sifətlərinə iman gətirməyin qaydaları

    01.08.2014

Uca Allahın ad və sifətlərinə iman gətirməyin müsəlmana və onun Rəbbinə etdiyi ibadətə çox böyük müsbət təsiri vardır. Bu, müsəlmanın qəlbində yalnız Uca Allaha təvəkkül etmək, Uca Allahın razı qalacağı əməllər barəsində düşünmək, Allah üçün sevmək, habelə yalnız Allahdan diləmək və Onun barəsində gözəl zəndə olmaq kimi dərin mənalar buraxır.
Uca Allahın “əl-Ğaffər” (bağışlayan) adının insanın Onu sevməsinə və Onun mərhəmətindən ümidini üzməməsinə böyük təsiri vardır. Onun "Şədidul-İqab" (şiddətli əzab verən) adının da insanın Allahdan qorxub ona qarşı günah işlətməyə cürət etməməsinə böyük təsiri vardır. Hər bir ad və sifətin mənalarının müvafiq olaraq insanın davranışına, onun Uca Allahın qanunlarına riayət etməsinə və Onu sevməsinə bilavasitə müsbət təsiri vardır. Allah sevgisi isə müsəlmanın dünya və axirət səadətinə nail olmasına və böyük bir xeyirə çatmasına gətirib çıxarır. Həmçinin, Allah sevgisi qulun öz Rəbbinə gözəl bir şəkildə ibadət etməsi üçün ən böyük yardımdır və o hər bir xeyir qapısının açarıdır.
Uca Allahı sevmək Onun ad və sifətlərini yaxşıca bilməklə mümkündür. Məhz buna görə də Allaha ən çox ibadət edən insanlar, Onu ən çox sevib və ən yaxşı tanıyan peyğəmbərlər olmuşdur.
Allahın ad və sifətlərinə iman gətirmək – Qurani Kərimdə və Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - səhih hədislərində Allaha aid edilən bütün ad və sifətləri təsdiq etmək, inkar olunanları isə inkar etməkdir.
Allahın ad və sifətlər məsələsində haqq yolunu tutmaq üçün insan üç qaydaya diqqət yetirməlidir. Bunlara riayət edən kəs bu məsələdə azmaqdan salamat qalar:

Birinci qayda. Allahın sifətlərindən hər hansı birisinin məxluqatın sifətinə oxşatmaqdan çəkinmək.
Uca Allah buyurur: "Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir". (əşŞura, 11).
Bu ayə məxluqları istənilən şəkildə Xaliqə oxşatmaqdan çəkinməyi, həmçinin, Allahın eşitmək və görmək sifətini təsdiq edir. Bu iki məsələnin ardıcıl qeyd olunması onu göstərir ki, məxluqatın əksəriyyətinin eşitmə və görmə sifətlərinə malik olmalarına baxmayaraq Allahın eşitmə və görmə sifətləri onların eyni adlı sifətlərinə əsla bənzəmir. Eşitmə və görmə sifətləri barəsində deyilənlər digər sifətlərə də şamil olunur. Uca Allah buyurur: "Heç kəsi Allaha oxşatmayın". (ən-Nəhl, 74). Böyük İslam alimi İbn Cərir ət-Tabəri (Allah ona rəhmət etsin) bu ayənin təfsirində belə demişdir: "Yəni, Allahı heç kimə və heç nəyə bənzətməyin, Onun tayı-bərabəri yoxdur". (Təfsir ət-Tabəri, 7/621). Uca Allah buyurur: "Heç Ona oxşarını tanıyırsanmı?!" (Məryəm, 65). İbn Abbas (Allah onlardan razı olsun) bu ayənin təfsirində belə demişdir: "Yəni, Rəbbimizin oxşarını və ya bənzərini tanıyırsanmı?!"
 
İkinci qayda. Allah və Onun rəsulunun Allaha aid etdikləri bütün ad və sifətlərinə Allahın böyüklüyünə və əzəmətinə layiq olan bir şəkildə iman gətirmək.
Bu, Allahın Qurani Kərim və səhih hədislərdə qeyd olunan bütün ad və sifətlərinə iman gətirməkdir. Uca Allah buyurur: "Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir". (əl-Hədid, 3). Həmçinin buyurur: "O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir". (əl-Həşr, 22-24).

Üçüncü qayda. Allahın sifətlərini dərk etməyə cəhd göstərməmək. Çünki yaradılmışların bunu dərk etməsi qeyri-mümkündür.
Bu, Uca Allahın sifətlərinin keyfiyyətini dərk etməyə cəhd göstərməməkdir ki, bu barədə də Uca Allah buyurur: "Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu ehtiva edə bilməz!" (Ta Hə, 110). 
Bəzi alimlər bu ayənin təfsiri barəsində demişlər: "İnsan şüuru səmaların və yerin Rəbbi olan Allahı dərk edə bilməz. Dərk edə bilmirsə, deməli ona keyfiyyət də verə bilməz".
Bu qaydanı sübuta yetirən digər bir dəlil də Uca Allahın bu ayəsidir: "Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir". (əl-Ənam, 103).
İslam alimlərindən bəziləri bu ayədən söhbət açarkən demişlər: "Bu da Allahın kamil əzəmətə malik olduğunu və hər şeydən böyük olduğunu göstərir. Çünki, Uca Allah kamil əzəmətə malik olduğu üçün dərk olunmazdır. Belə ki, bir şeyi dərk etmək görməkdən artıq bir şey sayılır. Allah isə yalnız axirətdə görünə bilər, lakin dərk oluna bilməz". Hər bir şüurlu insan bilməlidir ki, onun eşitməyinin və görməyinin bir həddi olduğu kimi, ağlının da bir həddi vardır ki, o bunu aşa bilməz. Allahın sifətlərinin keyfiyyəti barəsində düşünmək kimi ağılla dərk olunmaz bir şeyi dərk etməyə çalışan kəs divarın dalındakı şeyi görməyə, uzaq yerlərdəki səsləri eşitməyə çalışan kimsəyə bənzəyir. 
Bu üç qaydaya riayət edən kəs İslamın buyurduğu şəkildə Allahın ad və sifətlərinə iman gətirmiş olar.

Paylaş: