İnsan bədəninə cin girirmi?
Aleykum salam. Bəli, insanın bədəninə cin girə bilər. Bunun Quran və sünnədən dəlilləri aşağıdakılardır:
Uca Allah buyurur: "Sələm yeyənlər (qəbirlərindən) şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar...". (əl-Bəqərə, 275).
Hədisdə isə belə rəvayət olunur: "Bir dəfə rəsullullahla (salləllahu aleyhi və səlləm) birlikdə səfərdə idik. Yolda yanında uşaqla oturmuş bir qadına rast gəldik. Qadın peyğəmbərimizə (salləllahu aleyhi və səlləm) dedi: "Bu uşağıma bəla toxunub, gündə bir neçə dəfə olur". Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) "Onu mənə ver", buyurdu. Mən də onu Rəsulallaha (salləllahu aleyhi və səlləm) verdim. Uşağın ağzını açdı və onun ağzına üç dəfə üfürdü və sərt şəkildə "Mən Allahın elçisiyəm, sus ey Allahın düşməni!" dedi. Sonra uşağı anasına verdi və biz səfərə davam etdik. Geri dönəndə qadın yanında 3 qoyunla yolda durmuşdu. Peyğəmbər (salləllahu aleyhi və səlləm) uşağın vəziyyətini soruşdu. Qadın dedi: "Səni haqq ilə göndərən Allaha and olsun ki, uşağın heç bir xəstəliyi qalmadı. İndi bu qoyunları otarır". Qoyunların birini Rəsulullaha (salləllahu aleyhi və səlləm) hədiyyə verdi və o da hədiyyəni qəbul etdi". (İmam Əhməd, "Musnəd" əsəri).
Digər bir hədisdə isə belə deyilir: "Bir dəfə rəsulullahla (salləllahu aleyhi və səlləm) birlikdə oturmuşduq, elə bu əsnada bir nəfər gəldi və "Ya Rəsulullah, mənim qardaşım narahatdır" dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) "narahatlığı nədəndir?" buyurdu. O da, "Cinlənib" deyə cavab verdi. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) "onu mənim yanıma gətir" dedi. Gedib gətirdi və peyğəmbərin (salləllahu aleyhi və səlləm) əlləri arasına oturtdu. Sonra peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu duaları oxuduğunu eşitdim: əl-Fatihə surəsi, əl-Bəqərə surəsinin ilk 4 ayəsi, əl-Bəqərə surəsinin 163-164-cü ayələri, Ayətul-Kursi (əl-Bəqərə, 255), əl-Bəqərə surəsinin son 3 ayəsi, Ali İmran surəsinin 18-ci ayəsi, əl-Əraf surəsinin 54-cü ayəsi, əs-Saffət surəsinin ilk 10 ayəsi, əl-Həşr surəsinin son 3 ayəsi, əl-Cin surəsinin ilk 3 ayəsi, əl-İxlas, əl-Fələq və ən-Nəs surələri. Həmin adam, bir şey qalmadı, yaxşılaşdı" dedi. (İbn Məcəh, 3549).
Hədisdən göründüyü kimi həmin adama Quran oxunmalıdır. Buna ruqya deyilir. Daha ətraflı:
Quranla müalicə
Cadudan necə qorunmaq olar?