Dinini qorumaq üçün hicrət edən qadın - Ummu Sələmə

    19.12.2023

Rəvayət edilir ki, Ummu Sələmə (Allah ondan razı olsun) demişdir: “Əbu Sələmə Mədinəyə köçmək qərarına gəlib dəvəsini səfərə hazırladı, məni dəvəyə mindirdi, oğlum Sələməni də qucağımda oturdub Mədinəyə yollandı. Muğira bin Abdullah bin Ömər bin Məxzum tayfasının adamları onu görüb dedilər: “Sən özün köçüb getmək istəyirsənsə, özün bilərsən. Amma düşünmə ki, qohumumuz olan arvadını yad bir ölkəyə aparmağına razı olacağıq”. Ummu Sələmə deyir: “Onlar dəvənin ovsarını Əbu Sələmənin əlindən aldılar, məni isə ərimdən ayırdılar. Bunu eşidən ərimin qohumları – Abdul-əsəd tayfası bərk qəzəbləndi. Onlar dedilər: “Əgər siz Ummu Sələməni bizim qohumumuzdan ayırırsınızsa, o zaman, Allaha and olsun, biz də oğlumuzun Ummu Sələmədə qalmasına heç cür razı olmayacağıq”. Hər iki tayfa körpənin üstündə mübahisə etməyə başladılar, hər iki tərəf onu bir-birinin əlindən dartaraq almağa çalışırdı, nəticədə də körpənin bir qolunu çıxartdılar. Sonda Abdil-əsəd tayfası oğlumu məndən alıb özü ilə apardı, ərim Əbu Sələmə isə Mədinəyə getdi. Beləcə, mən həm oğlumdan, həm də ərimdən ayrı düşdüm. Mən hər səhər Əbtəh vadisinə gedib axşama qədər orada oturub hey ağlayırdım. Beləcə, düz bir ilə yaxın vaxt keçdi. Bir gün ərimin qohumlarından olan Muğira tayfasından bir nəfər yanımdan keçərkən halımı görmüş və mənə yazığı gəlmişdi. O, Muğira tayfasına demişdi: “Sizin bu bədbəxtə heç yazığınız gəlmir? Siz onu ərindən də, oğlundan da ayırmısınız!” Qohumlarım da mənə dedilər: “Ərinin yanına getmək istəyirsənsə, get!” Abdul-əsəd tayfası da oğlumu özümə qaytardı. Mən dəvəmi yəhərlədim, ona minib, oğlumu da qucağıma alıb Mədinəyə, ərimin yanına yollandım. Mənim yanımda bir kimsə yox idi. Mən öz-özlüyümdə dedim: “Ərimin yanına yetişənə qədər qarşıma çıxacaq bir kimsədən qorxmamalıyam. "Tənim" adlı yerdə olduğum zaman Abdud-dar tayfasından olan Osman bin Təlhə bin Əbu Təlhə ilə rastlaşdım. O məndən soruşdu: “Ey Əbu Umeyyənin qızı, hara gedirsən?” Mən dedim: “Mədinəyə, ərimin yanına”. O soruşdu: “Bəs yanında heç kim yoxdur?” Mən dedim: “Yoxdur, Allahdan və bu oğlumdan savayı bir kimsə yoxdur”. O dedi: “Allaha and olsun, səni tək buraxmaq olmaz”. O, dəvənin ovsarını əlinə aldı və Mədinəyə üz tutdu. Allaha and olsun, ərəblərdən heç kim onun qədər mənimlə belə hörmətlə davranmamışdı. Hər dəfə biz dayanmalı olanda, o, dəvəni diz üstə çökdürər, özü isə bu zaman kənara çəkilərdi. Mən dəvədən düşəndən sonra o, geri dönər və dəvəni özü ilə aparardı, yəhər-qayışı ondan çıxarar, sonra da ağaca bağlayardı. O özü də həmin o ağacın altında uzanıb yatardı. Yola çıxmaq vaxtı yetişəndə o yenidən dəvəni hazırlayıb mənim yanıma gətirərdi, sonra da üzünü yana çevirib deyərdi: “Dəvəyə min!” Mən dəvəyə mindikdən sonra o qayıdaraq ovsarı əlinə götürər və növbəti dayanacağa yetişincəyə qədər bizi aparardı. Mədinəyə çatana qədər o bu cür etdi. Amr bin Auf tayfasının yaşadığı yurdu Qubəni göstərib dedi: “Sənin ərin bax o kənddədir - Əbu Sələmə orada məskunlaşıb - Allahın köməyilə ora get!” Özü isə Məkkəyə qayıtdı. Allaha and olsun, mən Osman bin Təlhə qədər kəramətli adam görməmişəm". (İbn Hişam, 2/315-316; İbn Həcər “əl-İsabə” 8/240).

Paylaş: