Qurban bayramının tarixi

    28.12.2023

Qurban bayramı İslamın iki müqəddəs bayramından biridir. Qurban bayramında imkanı çatan hər bir müsəlmanın Allah yolunda qurban kəsməsi bəyənilən əməllərdəndir. Uca Allah buyurur: Biz qurbanlıq dəvələri də sizin üçün Allahın dininin ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. Onları səf-səf düzülmüş halda kəsərkən Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə tabe etdik ki, bəlkə şükür edəsiniz. Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu heyvanları sizə beləcə ram etdi. Sən isə yaxşılıq edənləri müjdələ!” (əl-Həcc, 36-37).
Kəsilən bu heyvanların əksər hissəsi başqa müsəlmanlara paylanılır və bir çox müsəlmanın evində bayram əhval-ruhiyyəsi hiss olunur.
 
Qurban kəsmə adətinin çox qədim tarixi vardır. Bu haqda Qurani-Kərimdə və Peyğəmbərimizin ﷺ sünnəsində geniş şəkildə bəhs olunur.
 
İbrahim Allaha dua etmişdi ki, ona əməlisaleh bir övlad bəxş etsin. Uca Allah da onu həlim xasiyyətli bir övladla müjdələdi. Bu uşağın adını İsmail qoydular.
Uca Allah buyurur: O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda...” (əs-Saffət, 102). Yəni gənc oldu, atası kimi öz işlərini müstəqil görmək qabiliyyətinə çatdı. Oğlu bu yaşa çatdıqda İbrahim yuxuda gördü ki, ona bu oğlunu kəsmək əmr olunur. O, peyğəmbər olduğuna görə bu yuxu haqq sayılır, çünki peyğəmbərlərin yuxusu həqiqət olur. Necə ki hədislərin birində deyilir: “Peyğəmbərin yuxuları da vəhy sayılır" (ət-Tabərani "Mucəmul-Kəbir" 12302; əl-Hakim, 2/ 431; əl-Buxari, 138).
Bu, Uca Allah tərəfindən İbrahim üçün hazırlanan bir sınaq idi. Uca Allahın İbrahimə oğlunu kəsməyi əmr etməsi,onu Allahın əmri ilə qarşı-qarşıya gətirdi. Axı İsmail onun ilk və yeganə əziz oğlu idi. Onun ondan başqa oğlu yox idi. Bütün bunlara baxmayaraq, İbrahim Rəbbinin əmrini müsbət qarşılayıb dərhal onun icrasına keçdi.
O, ilk öncə bunu oğluna bildirdi ki, qəlbinə bir qədər xoş gəlsin, çünki onun könüllü təslim olması zorla kəsilməsindən daha yüngül olardı. İbrahim dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” (əs-Saffət, 102).
Həlim xasiyyətli oğul atası İbrahimi sevindirəcək ani cavabı verdi və dedi: “...Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən". (əs-Saffət, 102). Bu cavab dəqiqliyin, valideynə və qulların Rəbbinə itaətkarlığının ali nümunəsi idi.
Uca Allah buyurur: “Hər ikisi Allahın əmrinə tabe olduqları və İbrahim onu üzüstə yerə yıxdığı zaman”. (əs-Saffət, 103). Onlar Allaha tam təslim olub əmrin icrasına başlayarkən bu zaman Allahdan nida gəldi: “Biz onu çağırıb dedik: “Ey İbrahim! Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq”. (əs-Saffət, 105). Yəni sənin sınağa çəkilməyindəki məqsəd hasil oldu. Sən itaət etdin və Rəbbinin əmrini dərhal icra etdin. Oğlunu qurban verməyə razı oldun. Bu səbəbdən Uca Allah buyurur: ”Həqiqətən də bu, açıq-aydın bir imtahandır”. (əs-Saffət, 106).
Uca Allah buyurur: “Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik” (əs-Saffət, 107). Yəni biz bu qurbanı Allah tərəfindən bir rahatlıq olsun deyə oğlunun əvəzinə fidyə olaraq verdik.
Aləmlərin Rəbbinə həmd olsun ki, günümüzdə də İbrahim Peyğəmbərin dövründən qalan bu gözəl adətə riayət etməyi bizə nəsib edib!

Paylaş: