əl-Bəqərə surəsi 26-cı ayənin təfsiri necədir?
Və aleykum Salam. Uca Allah əl-Bəqərə surəsi 26-cı ayədə belə buyurur:
"Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?” Halbuki, O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır".
Böyük təfsir alimi İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində belə demişdir:
"əs-Suddi (Allah ona rəhmət etsin) ayənin təfsirində İbn Məsud (Allah ondan razı olsun) və başqalarından nəql edərək demişdir: “Uca Allah üç ayədə “Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər” (əl-Bəqərə, 17) və “Yaxud onların məsəli zülmət içində göy gurultusu və şimşəklə yağan leysana düşənlərin məsəlinə bənzəyir” (əl-Bəqərə, 19) ayələrində münafiqlər üçün bu iki məsəli çəkdikdən sonra, münafiqlər dedilər: "Allah bu kimi (yəni, xırda) məsəllər çəkməkdən Uca və Pakdır”. Bu səbəbdən Uca Allah bu ayəni “Məhz onlar ziyana uğrayanlardır!”- sözünə qədər endirdi. Ayənin mənası budur ki, Uca Allah “utanmaz” - yəni, Özünə eyib bilməz. Başqa bir təfsirə görə “hər hansı bir məsəli çəkməkdən qorxmaz”- yəni, nə məsəl olursa olsun və nə ilə olursa olsun, istər böyük olsun, istərsə də kiçik.
Uca Allahın: “ondan da üstün” sözünün təfsirində iki rəy var. Birinci rəy budur ki, yəni kiçiklikdə və cüzilikdə ondan daha aşağı olanı. Necə ki, bir kişini xəsis olduğuna görə məzəmmət etdikdə, eşidənlərdən biri deyir: "Bəli, o, söylədiklərinizdən də üstündür". Yəni, vəsf etdiyiniz mənfi xüsusiyyətlərdən də aşağıdır. İkinci rəy budur ki, “ondan da üstün” yəni, ondan daha böyük. Çünki, ağcaqanaddan daha kiçik, daha cüzi bir şey yoxdur. Bu ayə ilə Uca Allah bildirir ki, O, məsəl çəkməkdə ağcaqanad kimi kiçik və cüzi bir şey olsa belə heç nəyi dəyərsiz saymır. Necə ki, başqa ayələrdə milçək və hörümçəyi məsəl çəkmişdir. Uca Allah buyurur: “Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də!” (əl-Həcc, 73). “Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi isə, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər!” (əl-Ənkəbut, 41). Həmçinin buyurur: “Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (la ilahə illəllah) kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər”. (İbrahim, 24-27). Başqa bir ayədə: “Allah, heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir kölə ilə, dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni məsəl çəkdi. Heç onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur, lakin onların çoxu bunu bilmir” (ən-Nəhl, 75). Sonra buyurur: “Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi?” (ən-Nəhl, 76). Başqa bir ayədə buyurur: “O sizə özünüzdən bir məsəl çəkdi; sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz nemətlərdə sizinlə bərabər eyni hüquqa malik olan, özünüzdən çəkindiyiniz kimi, onlardan da çəkindiyiniz şərikləriniz varmı? Biz ayələri düşünüb daşınan insanlar üçün belə müfəssəl izah edirik”. (ər-Rum, 28). “Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir” (əz-Zumər, 29). Həmçinin buyurur: “Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayarlar” (əl-Ənkəbut, 43). Ümumiyyətlə Quranda məsəllərə nümunələr çoxdur.
Bəzi alimlər demişlər: “Quranda bir məsəl eşidib onu başa düşmədikdə, öz-özümə ağlayıram, çünki Uca Allah buyurur: “Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayarlar” (əl-Ənkəbut, 43).
Qatədə (Allah ona rəhmət etsin) “İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır”- ayəsini belə təfsir etmişdir: “Onun ər-Rahmənin (Mərhəmətli olanın) kəlamı olub, Allah dərgahından gəldiyini bilirlər”. “Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?”- bu ayə əl-Muddəssir surəsindəki ayəyə bənzəyir: “Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər haqqa şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu məsəllə nə demək istəyir?”– desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır” (əl-Muddəssir, 31). Eyni ilə, burada da buyurur: “Halbuki, O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir”.
İbn Məsud (Allah ondan razı olsun) və başqaları demişlər: “Halbuki, O bununla bir çoxlarını azdırır”- yəni, münafiqləri, “və bir çoxlarını da haqq yoluna yönəldir”- yəni, möminləri. Allahın onlar üçün çəkdiyi məsəlin haqq olub, onlara təmamilə uyğun olduğunu yəqin bildikləri halda, yalan saydıqlarına görə Uca Allah çəkdiyi məsəl ilə onların azğınlıqlarını daha da artırar. Allahın çəkdiyi məsəllə onları azdırması da belə olur.
“Bir çoxlarını da haqq yoluna yönəldir”- yəni, bu məsəllə bir çox iman və təsdiq əhlini doğru yola yönəldər. Yəqin olaraq bildikləri haqqı təsdiqlədiklərinə görə Uca Allah doğru yolda olanların doğruluğunu və imanlarını daha da artırar. Onlar Allahın onlar üçün çəkdiyi məsəllərə tam olaraq uyğun gəldiklərini qəbul edib bunun haqq olduğunu təsdiq edirlər. Allahın çəkdiyi məsəllə onları doğru yola yönəltməsi də belə olur”.
Uca Allahın: “Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır” ayəsinin təfsirində Qatədə S demişdir: “Onlar münafiqlərdir. Günah etdiklərinə və Allaha boyun əymədiklərinə görə Allah onları azdırmışdır. Fasiq sözünün lüğəti mənası – “itaətdən çıxan, itaət etməkdən boyun qaçıran”- deməkdir. Ərəblər qabığından çıxan xurmaya “xurma fisq etdi” deyirlər. Bu səbəbdən siçana “fuveysiqa” deyilir. Çünki o, fəsad törətmək üçün yuvasından çıxır. əl-Buxari və Muslimin “Səhih” əsərlərində Aişənin O rəvayət ediyi hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Beş fasiq (zərərverici) heyvan var ki, bunları haramdan kənarda da (ehramda olmayanda), haram sayılan ərazidə də öldürmək olar. Bunlar: ala qarğa, çalağan, əqrəb, siçan və quduz itdir”. (əl-Buxari, 1829; Muslim, 1198).