ən-Nəhl surəsi 80-ci ayənin təfsiri
Və aleykum Salam. Uca Allah ən-Nəhl surəsi 80-ci ayədə belə buyurur:
"Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın dərilərindən istər səfərə çıxdığınız vaxt, istərsə düşərgə saldığınız zaman sizin üçün asanlıqla apara biləcəyiniz çadırlar, üstəlik də onların yunundan, tiftiyindən və tükündən müəyyən vaxta qədər istifadə edəcəyiniz ev əşyaları və başqa şeylər düzəltdi" (ən-Nəhl, 80). Böyük təfsir alimi Abdur-Rahmən əs-Sadi bu ayənin təfsirində belə demişdir:
"Uca Allah bu ayədə insanlara olan mərhəmətini xatırladaraq, göstərdiyi lütfkarlığına görə onları bu nemətləri etiraf etməyə, bu nemətlərə görə Ona şükür etməyə çağırır və buyurur: "Allah evlərinizi sizin üçün yaşayış yeri etdi", yəni O, sizə ev tikməyi, saraylar və sizi isti və soyuqdan qoruyan digər tikililər ucaltmağı öyrətdi. Həmçinin bunlar sizi, övladlarınızı və mal-dövlətinizi yad nəzərlərdən qoruyur. Siz evlərinizdə müxtəlif məqsədlər üçün otaqlar tikirsiniz. Evlər insanlara öz mal-mülklərini, ailələrini gözlənilməz hadisələrdən qorumağa kömək edir və onlara digər faydalar gətirir. "mal-qaranın dərilərindən", ya dərnin özündən, ya da onun üzərində bitən yundan, ev heyvanlarının tükündən çadırlar qurursunuz ki, bu da köç edən zaman və ya düşərgə saldıqda sizin işinizi asanlaşdırır. "müəyyən vaxta qədər istifadə edəcəyiniz ev əşyaları və başqa şeylər düzəltdi", yəni dəridən, tiftikdən və ev heyvanlarının tüklərindən insanlar qab-qacaq, xalça, libas, zənbil və məişətdə fayda verən bir çox başqa şeylər də hazırlayırlar. İnsanlar ancaq Allahın yerdəki nemətləri onlara ram etməsi sayəsində bu işləri görməyə nail olmuşlar".