İslam və iman nədir?

    04.01.2023

Ömər ibn Xəttab demişdir: “Bir dəfə biz Peyğəmbərin yanında oturmuşduq. Birdən ağappaq paltarlı, zil qara saçlı, üst-başında da səfərdən bir əsər-əlamət görünməyən və heç birimizin tanımadığı bir adam yanımıza gəldi. Nəhayət, o yaxınlaşıb Peyğəmbərlə üzbəüz oturdu, dizlərini onun dizlərinə dayadı, əllərini də öz budunun üstünə qoyub dedi: “Ey Muhəmməd, mənə İslam haqqında xəbər ver!”
Peyğəmbər buyurdu: “İslam odur ki, Allahdan başqa ibadət haqqına malik heç bir tanrının olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət gətirəsən, namaz qılasan, zəkat verəsən, ramazan ayını oruc tutasan və imkanın olduğu təqdirdə Kəbəni ziyarət edəsən”.
Adam: “Doğru söylədin!”– dedi.
Biz ona təəccüb etdik, o həm soruşur, həm də təsdiq edirdi. Sonra o dedi: “Mənə iman haqqında xəbər ver”.
Peyğəmbər buyurdu: “İman odur ki, Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə və Axirət gününə iman gətirəsən, habelə qədərə – onun xeyrinə və şərinə iman gətirəsən”.
Adam: “Doğru söylədin!”– dedi. Sonra soruşdu: “Mənə ehsan haqqında xəbər ver”.
Peyğəmbər buyurdu: “Ehsan odur ki, Allaha, sanki Onu görürmüşsən kimi ibadət edəsən. Sən Onu görməsən də, bil ki, O səni görür”.
Adam soruşdu: “Mənə Qiyamət saatı haqqında xəbər ver”.
Peyğəmbər buyurdu: “Bu haqda soruşulan soruşandan çox bilmir”.
Adam soruşdu: “Mənə onun əlamətləri haqqında xəbər ver”.
Peyğəmbər buyurdu: “O vaxt ki, cariyə öz ağasını dünyaya gətirəcək və sən ayaqyalın, çılpaq və kasıb çobanların hündür binalar tikməkdə yarışdıqlarını görəcəksən”.
Ömər dedi: “Sonra o çıxıb getdi. Mən bir müddət yerimdəcə donub qaldım. Sonra Peyğəmbər məndən soruşdu:
“Ey Ömər, sual verənin kim olduğunu bilirsənmi?”
Mən: “Allah və Onun rəsulu daha yaxşı bilir!”– dedim.
Peyğəmbər buyurdu: “O, Cəbrail idi. Sizə dininizi öyrətməyə gəlmişdi”.

Paylaş: