Allahın əli məcazi mənada deyilib?
Quranda məcazi məna yoxdur. Çünki məcazi məna yalan deməkdir. Allah təalanın kəlamı isə heç vaxt yalan ola bilməz. Məcazi məna bütün dillərdə, eləcə də ana dilimizdə də vardır. Məsələn, birimiz pulunun olmadığını bildirmək üçün məcazi mənada "cibimdə siçanlar oynayır" deyir. İndi təsəvvür edin ki, Uca Allah öz dərgahından insanları doğru yola yönəldən, haqq olan kitabını nazil edir və orada bəzi ayələri həqiqi məna ilə, bəzilərini isə məcazi məna ilə göndərir. Bu mümkün deyildir. Çünki belə bir şey olsaydı, insanlar zəlalətə düşərdi və çaşbaş qalardı. Ayələrdə dinin ip adlandırması isə məcazi məna daşımır. Uca Allah hidayəti doğru yol adlandırır. Uca Allah Quranda Musa ilə Fironun söhbəti barəsində danışır və Fironun "Rəbbiniz kimdir, ey Musa?" sualına Musa belə cavab verir: "Musa dedi: "Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!" (Ta Ha, 49-50).
Bu ayədə Uca Allah hər bir şeyi yaratdığını, yaratdığı hər bir məxluqa yol göstərdiyini və bir yola yönəltdiyini söyləyir. Bu ayə ümumidir və hər bir məxluqa aiddir. Bu ayədə də məcazi məna yoxdur.