Qəbirləri ziyarət edən zaman hansı qaydalara riayət etməliyik?

    01.06.2014
Sual: 
Salam aleykum. Məsələn, tutaq ki, yaxınlarımın qəbrini ziyarət etmək istəyirəm. Bunun üçün nə etməliyəm? Qəbirləri ziyarət edərkən riayət olunmalı davranış qaydaları hansılardır? Riayət olunması lazım olan hansı işlər var?
Cavab: 

Aleykum salam. İbrət almaq və axirəti yada salmaq məqsədilə qəbirləri ziyarət etməyə icazə verilir. Bir şərtlə ki, orada olarkən Uca Allahın qəzəbinə gələcək sözlər söylənilməməli, qəbirdə yatan insan çağırılmamalı və Uca Allahdan başqasından kömək istənilməməlidir. Ziyarət edən şəxs ölümü və ölən şəxsi yada salır. Bilir ki, gedəcəyi yer cənnət yaxud cəhənnəm ola bilər. Ziyarətdə ən başlıca məqsəd budur. Qəbiri ziyarət edən zaman əgər ölmüş şəxs müsəlman olubsa, salam vermək, onun üçün dua etmək, Uca Allahdan onun üçün bağışlanma diləmək lazımdır. Həmçinin bu duanı etmək olar: "Əssələəmu aleykum əhlə-d-diyəəri minə-l-mu'miniinə va-l-muslimiin. Va innəə in şəə-ə Allaahu bikum ləəhiquun. Əs'əlullaahə lənəə va ləkumu-l-afiyəh".
Mənası: "Salam olsun bu diyarın möminlərdən və müsəlmanlardan olan sakinlərinə!... İnşəAllah biz də sizə qovuşacayıq. Allahdan özümüz və sizin üçün sağ-salamatçılıq diləyirik".
Bununla bağlı daha ətraflı bu linki oxuyun: Qəbirləri ziyarət edərkən oxunan dua

Dua edərkən əlləri qaldırmaq olar. Bu barədə Aişəyə (Allah ondan razı olsun) istinadən rəvayət olunan hədisdə deyilir: "Rəsulullah (salləllahu aleyhi və səlləm) gecənin birində çıxdı və Bərirəni (Allah ondan razı olsun) onun ardınca göndərdim ki, baxıb görsün ki, hara gedir. Aişə (Allah ondan razı olsun) deyir: "Bəqi əl-Ğarqad (Mədinədə qəbiristanlıq) tərəfə getdi və Bəqinin aşağısında durdu və sonra əllərini qaldırdı və sonra dönüb getdi. Bərirə (Allah ondan razı olsun) qayıtdı və mənə xəbər verdi. Səhər olunca Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) bu barədə soruşaraq dedim: "Ya Rəsulallah, gecə hara çıxmışdın? O dedi: "Dua etmək üçün Bəqi camaatına göndərildim".
 

Paylaş: