Ənəs ibn Malikin ağlayaraq "Namazı zay etdiniz" deməsi səhihdirmi?
Və aleykum Salam. Sualda qeyd edilən rəvayəti İmam əl-Buxari (Allah ona rəhmət etsin) "Səhih" əsərində "Namazın vaxtında qılınmaması" başlığı altında qeyd etmişdir. İmam əl-Buxari demişdir: "Rəvayət edilir ki, Ənəs (Allah ondan razı olsun) demişdir: "İndi Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dövründə olan heç bir şeyin olduğunu bilmirəm". Ona deyildi: "Bəs namaz?" O dedi: "O (namaz) vaxtını zay etdiyiniz şey deyilmi?!" (əl-Buxari, 529). Yenə eyni başlıqda bu rəvayəti nəql etmişdir: "...Rəvayət edilir ki, əz-Zuhri (Allah ona rəhmət etsin) demişdir: “Mən Dəməşqdə Ənəs ibn Malikin yanına gəldim. O, ağlayırdı. Ona dedim: “Niyə ağlayırsan?” O dedi: “Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dövründən indiyə gəlib çatan və mənim tanıdığım şey yalnız bu namazdır. Artıq bu namaz da zay edilmişdir” (əl-Buxari, 530).
Bu rəvayətlərdə Ənəs (Allah ondan razı olsun) namazları vaxtında qılmamağı nəzərdə tutmuşdur, namazın qılınma qaydasını deyil. İbn Rəcəb (Allah ona rəhmət etsin) demişdir: "Ənəs namazlar vaxtında qılınmadığı üçün ağlayırdı. Ənəsdən rəvayət edilən digər rəvayətlər onun bu sözünü açıqlayır. Süleyman ibn Muğira Sabitdən rəvayət etmişdir ki, Ənəs demişdir: "Lə İləhə İlləllah" kəlməsinə əməl etməkdən başqa Peyğəmbərin dövründə edilən başqa bir əməl görmədim". Ona deyildi: "Ey Əbu Həmzə! Bəs namaz?" O dedi: "Siz Zöhr namazını Məğrib namazı ilə birlikdə qılırsınız". (İbn Rəcəbin "Fəthul- Bari" əsəri, 3/56-57).